"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandası ilə keçiriləcək ilk oyundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, təcrübəli məşqçi rəqiblə qarşılaşmaya tam hazır olduqlarını və komandada böyük məsuliyyət hissi yaşandığını bildirib.
Litvalı mütəxəssis Azərbaycanı qitəmiqyaslı turnirdə layiqincə təmsil etmək istədiklərini vurğulayıb: "Hər birinizi salamlayıram və yeni mövsümün başlaması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu mövsüm bizim üçün çox uğurlu alınacaq.
Hazırda qarşımızda böyük bir məsuliyyət var və həyəcanla oyunu gözləyirik. Avstriyada iki həftəlik təlim-məşq toplanışı keçdik və orada güclü rəqiblərlə qarşılaşdıq. Oyunçularımız istədiyimiz formaya yaxındırlar, çox yaxşı hazırlaşmışıq və tam olaraq hazırıq.
Rəqib TNS komandası da Bakıya xoş gəlib. Nəticə haqqında indidən danışmaq düzgün olmaz, hər şey meydanda həll olunacaq. Azarkeşlərimizi stadiona dəvət edirəm, onlara ən yaxşı oyunumuzu göstərmək niyyətindəyik".
Dambrauskas rəqib komanda haqqında detallı danışmaq istəmədiyini, lakin TNS-in bəzi futbolçularının uzun müddətdir bir arada oynaması səbəbindən kifayət qədər təcrübəli komanda olduğunu və hücum xəttində keyfiyyətli oyunçuların yer aldığını əlavə edib.
Qeyd edək ki, "Sabah" – TNS görüşü iyulun 7-i saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Cavab matçı isə bir həftə sonra səfərdə olacaq.













