"Fənərbaxça"nın sabiq baş məşqçisi Joze Mourinyo, Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ona verilən intizam cəzaları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) rəsmi şikayət ünvanlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Portuqaliyalı mütəxəssis 2024/2025-ci illər mövsümündə Superliqanın 11-ci turu çərçivəsində keçirilən "Trabzonspor" matçından sonra aldığı 1 oyunluq cəza və 600 min lirəlik pul cəriməsinə görə Strasburq məhkəməsinə müraciət edib. Həmin gərgin görüşdə "Trabzonspor"un xeyrinə iki penalti təyin olunmuş, oyun 2:2 davam edərkən İstanbul təmsilçisinin futbolçusuna qarşı kobudluğa hakim reaksiya verməmişdi. İstanbuul klubunun 3:2 hesablı dramatik qələbəsinə baxmayaraq, "Xüsusi" ləqəbli məşqçi ölkədəki hakimliyin ümumi səviyyəsini sərt tənqid etmiş, TFF isə bu addımı qurumun nüfuzunu ləkələmək kimi qiymətləndirmişdi.

Dünyaca məşhur məşqçi AİHM-ə təqdim etdiyi ərizədə federasiyanın tətbiq etdiyi sanksiyaların onun ifadə azadlığı hüququnu birbaşa pozduğunu diqqətə çatdırıb. Mourinyo həmçinin TFF-nin ona bu hökmün hüquqi səbəbləri barədə heç bir rəsmi məlumat vermədiyini və qərar çıxaran arbitraj komitələrinin tamamilə müstəqillikdən uzaq olduğunu iddia edib. Artıq Avropa İnsan Haqları Məhkəməsi daxil olan bu şikayəti rəsmi olaraq icraata götürüb və məsələ ilə bağlı Türkiyə rəsmilərindən müdafiə xarakterli rəsmi cavab tələb edib.

Xatırladaq ki, Türkiyədə çalışdığı ilk aylardan etibarən yerli hakimlik sisteminə qarşı kəskin müharibə elan edən və rəqib "Qalatasaray" klubu tərəfindən irqçilikdə ittiham olunan portuqaliyalı mütəxəssis, sonradan "Fənərbaxça" – "Qalatasaray" derbisinə əcnəbi referinin təyin edilməsinə nail olmaqla öz istəyinə qismən çatmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest