Azərbaycan futbol klublarının cari mövsümdəki avrokubok taleyi "Turan Tovuz"un UEFA tərəfindən cəzalandırılmasından sonra sual altına düşüb.
Azərbaycan futbol klublarının cari mövsümdəki avrokubok taleyi "Turan Tovuz"un UEFA tərəfindən cəzalandırılmasından sonra sual altına düşüb.
Matc.az xəbər verir ki, bu barədə idman mediasında geniş təhlillər yayımlanıb.
UEFA-nın Azərbaycan Premyer Liqasında üçüncü yeri tutan Tovuz klubunu Konfrans Liqasından kənarlaşdırması ölkəmizin avrokuboklardakı kvotasına birbaşa təsir göstərə bilər. Belə ki, Azərbaycanın adətən olduğu kimi 4 deyil, cəmi 3 klubla - "Qarabağ", "Sabah" və "Neftçi" ilə təmsil olunma ehtimalı yaranıb, turnir cədvəlində aşağı pillədə yer alan "Zirə" isə ümumiyyətlə yarışlardan kənarda qala bilər.
UEFA-nın rəsmi bəyanatında klubun sanksiyaya məruz qalmasına səbəb kimi UEFA Konfrans Liqası qaydalarının 4.01-ci maddəsinin "g" bəndi əsas gətirilib. Həmin bənddə qeyd olunur:
"Klub 1 mart 2016-cı ildən (yəni, bu qaydaların qüvvəyə minməsindən 10 il əvvəl) milli və ya beynəlxalq səviyyədə matçın təşkilinə və ya nəticəsinə təsir göstərməyə yönəlmiş hər hansı bir fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etmədikdə yarışda iştirak etməyə icazə verilir və... bunu UEFA administrasiyasına yazılı şəkildə təsdiqləyir".
Xatırladaq ki, 2019-cu ildə o vaxtkı I Liqada çıxış edən "Turan Tovuz"un 7 futbolçusu danışılmış oyunlarda iştirak etdiklərinə görə futboldan ömürlük uzaqlaşdırılmışdı. Baxmayaraq ki, o vaxtdan bəri klubun həm rəhbərliyi, həm də heyəti tamamilə dəyişib, komanda Premyer Liqaya yüksəlib və 32 ildən sonra ilk dəfə avrokuboklara vəsiqə qazanıb, UEFA-nın 10 illik sanksiya müddəti qüvvədə qaldığı üçün qərb təmsilçisi bu mövsümü buraxmaq məcburiyyətindədir.
Hazırda Ehtiram Quliyevin rəhbərlik etdiyi "Turan Tovuz" klubu bu sərt qərarla barışmır. Klub rəhbərliyi haqqını bərpa etmək üçün Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) rəsmi şəkildə etiraz ünvanlayıb. Bu məqsədlə prosesə beynəlxalq səviyyəli xarici vəkillər də cəlb olunub və hüquqi mübarizə son mərhələyə qədər davam etdiriləcək.
Konfrans Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi müvafiq olaraq iyunun 16-sı və 17-də keçiriləcək. Azərbaycan futbolunu maraqlandıran ən kritik məqam odur ki, İdman Arbitraj Məhkəməsi (CAS) hər hansı bir səbəbdən yekun qərarını verməsə, "Turan Tovuz" Avropada yarışa bilməyəcək. Belə bir vəziyyətdə başqa heç bir Azərbaycan komandasının onları əvəz etməsinə icazə verilməyəcək və ölkəmiz beynəlxalq arenada bir təmsilçisini rəsmən itirəcək. Bu isə birbaşa olaraq "Zirə"nin də Avropa yarışlarından kənarda qalması deməkdir.
CAS adətən bu cür kritik müddətlərdən əvvəl qərarlarını operativ şəkildə açıqlayır. Lakin "Turan Tovuz" əlavə yoxlama tələb edən fərqli sənədləri Lozannaya təqdim edərsə, məhkəmənin qərarı təxirə salına bilər. Əgər iyunun 16-na qədər qərar çıxmasa, UEFA Tovuz klubuna Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasında iştirak etmək hüququ verə bilər. İkinci turun qarşılaşmaları iyulun 23-ü və 30-da baş tutacaq. Əgər CAS iyulun 23-nə qədər də qərarını elan etməsə, "Turan Tovuz"un püşkdəki rəqibi avtomatik olaraq mübarizəsiz üçüncü raunda yüksələcək.
"Zirə" klubunun Konfrans Liqasında oynamaq hüququ qazanması yalnız bir şərtdən asılıdır: CAS "Turan Tovuz"un iştirak ərizəsini rədd etməli və bu qərarını mütləq iyunun 16-na qədər açıqlamalıdır. Məhz bu ssenari reallaşarsa, "Zirə" turnirə birinci təsnifat mərhələsindən start verəcək, "Neftçi" klubu isə reytinqə uyğun olaraq ikinci turda "Turan Tovuz"un yerini alacaq.



_1780606183.jpg)









