Misli Premyer Liqasının XXIII turu çərçivəsində "Turan Tovuz" "Neftçi"ni qonağı olub. Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matc.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Hər iki tərəf meydanda yaxşı oyun nümayiş etdirdi. Bu gün qələbə qazandığımız üçün çox sevinirəm. Hesab edirəm ki, futbolçularım bu üç xalı tam şəkildə haqq etdilər".

Təcrübəli mütəxəssis turnir cədvəlindəki mövqeləri və üçüncü yer uğrunda mübarizəni bu cür qiymətləndirib:

"Bundan əvvəl də qeyd etdiyim kimi, biz matçdan-matça hazırlaşırıq. Qarşıdakı oyunun kubok və ya çempionat görüşü olmasının bizim üçün heç bir fərqi yoxdur. Hazırda turnir cədvəlinə baxmırıq, mövsümün sonunda hər şey bəlli olacaq".

Məşqçi hücum xəttindəki seçimləri məsələsinə də toxunub:

"Vadjinin fiziki durumu kifayət qədər yaxşı idi. Məhz bu səbəbdən düşündük ki, onu və Santosu eyni vaxtda meydanda saxlaya bilərik".

K. Berdıyev komandasının həm çempionat, həm də kubokdakı hədəflərinin eyni dərəcədə vacib olduğunu vurğulayıb:

"Turnirlər arasında seçim etmirik, hər ikisi bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Bütün matçlara eyni ciddiyyətlə yanaşırıq".

"Turan Tovuz"un son turlarda qapısını toxunulmaz saxlaması barədə danışan mütəxəssis hələ görülməli işlərin çox olduğunu bildirib:

"Bu uğurun sirri barədə danışmaq bir qədər çətindir. Çünki qapımız qarşısında hələ də təhlükəli epizodlar yaranır. Əgər rəqibə heç bir şans verməsəydik, başqa məsələ olardı. Bu təhlükəli vəziyyətlər göstərir ki, üzərində işləməli olduğumuz məqamlar hələ çoxdur".

Baş məşqçi çempionluq hədəfləri ilə bağlı sualları isə qısa şəkildə cavablandırıb:

"Hər mətbuat konfransında eyni fikri təkrarlayıram: biz yalnız və yalnız növbəti oyunumuza köklənirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest