"Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədov Misli Premyer Liqasının 2-ci turunun "Karvan-Yevlax"la oyunundan sonra Matc.az saytına müsahibə verib:
– Oyunla bağlı təəssüratlarını bölüşərdin.
– Oyuna əslində yaxşı hazırlaşmışdıq, amma istədiyimiz oyunu göstərə bilmədik. İlk hissədə iki qol buraxdıq. İkinci hissədə toparlanmağa çalışsaq da, səhvlərimiz ucbatından qol buraxdıq və nəticədə 3:2 hesabı qeydə alındı. "Karvan-Yevlax" həm turnir cədvəli baxımından, həm də oyun üslubu ilə bizim birbaşa rəqibimizdir. Təəssüf ki, bu dəfə oyunumuz alınmadı.
– "Karvan-Yevlax" aşağı liqadan gələn komandadır. Əslində xal almaq üçün ən münasib rəqib idi. Niyə qələbə qazana bilmədiniz?
– Düzünü desəm, artıq 3 mövsümdür eyni vəziyyəti yaşayırıq. Bəzən elə gəlir ki, sanki tilsimlənmişik. Uduza-uduza gəlirik, bir anda toparlanırıq, amma bu da hər zaman davamlı olmur.
– Qarşıda "Zirə" və "Araz-Naxçıvan"la çətin səfərləriniz var. Bu matçlardan gözləntin nədir?
– İndi milli fasilə yaranıb, bu müddəti düzgün dəyərləndirməliyik. Çünki başqa yolumuz yoxdur. Oyunun müəyyən hissəsində "Karvan-Yevlax"ı qapısına sıxdıq, qol da vurduq. Əsas odur ki, bu oyunu davamlı etdirə bilək.
– Son illərdə "Kəpəz"də 7–8-ci turdan sonra baş məşqçi dəyişikliyi olurdu. Bu mövsüm də belə bir ssenari gözlənilirmi?
– Xeyr, bu barədə nəsə deyə bilmərəm. O vaxt da Adil müəllim gəlib komandamızı toparladı. Məncə, yeni futbolçulara vaxt lazımdır. Komandaya çox oyunçu gec qoşulub, hətta elələri var ki, çempionatın başlamasına 2 gün qalmış gəlib. Buna görə də hamımız əl-ələ verib çıxış yolunu tapmalıyıq.
– Oyundan sonra azarkeşlər Adil müəllimə etiraz etdilər. "Kəpəz" camiəsində gərginlik hiss olunur. Bu barədə fikrin necədir?
– Məncə, azarkeşlər haqlıdır. Onlar tələb edirlər, bu da normaldır. Əvvəlki illərlə müqayisədə indi sponsor dəstəyimiz var, rəhbərlik bizə böyük diqqət göstərir. Biz də bunun qarşılığını verməliyik. Sumqayıt, Karvan kimi rəqiblərlə oyunlarda 3 xal qazanmalı idik. Əks halda, azarkeşlərin etirazı qaçılmaz olur.
– Gəncə stadionu artıq demək olar hazırdır. Ev oyunlarına öz şəhərinizdə çıxmaq sizin üçün nə dərəcədə önəmlidir?
– Stadionda işlər sürətlə gedir. Biz də səbirsizliklə evdə oynamağı gözləyirik. Artıq neçə ildir ki, yalnız səfərlərdə – Tovuzda, Qəbələdə çıxış edirik. Ev oyunlarımızda azarkeş dəstəyi daha güclü olur. Gəncənin özünəməxsus aurası var, ora gələn hər komanda təzyiq hiss edir. İnşallah tezliklə hazır olar və evimizdə oynayarıq. Amma bu, heç bir halda bəhanə deyil. Harada oynamamızdan asılı olmayaraq, ilk növbədə özümüz toparlanmalıyıq.
– Adil müəllim deyir ki, hədəf yalnız Premyer Liqada qalmaq deyil. Komandanın məqsədi nədən ibarətdir?
– Ən azı 7–8-ci pillədə qərarlaşmaq istəyirik. Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq məqsədimiz deyil. Onsuz da buna nail ola bilirik. İndi dəstəyimiz var, rəhbərlik yanımızdadır. Məqsədimiz 8-ci pilləyə qədər qalmaqdır, yuxarı pillələrə də qalxmaq mümkündür. Niyə də olmasın? Amma indidən dəqiq söz vermək düzgün olmaz. Mövcud vəziyyətimiz buna imkan vermir, amma mən inanıram ki, komanda toparlanacaq. Belə qala bilməz.