“Çox çətin oyun keçdi. Əsas odu ki, son saniyəyə qədər mübarizə apardıq. Biz çox çalışmalıyıq”. Bunu matc.az saytının əməkdaşı ilə söhbətində “Turan Tovuz”un futbolçusu Roberto Olabe deyib.

Qərb təmsilçisi Misli Premyer Liqasının I turunda “İmişli”nin qonağı oldu. Şamaxıda keçirilən görüşdə ispaniyalı yarımmüdafiəçinin vurduğu qol “Turan Tovuz”a qələbə qazandırdı.

“Təbii ki, qol vurduğum üçün şadam. Özü də bu qol son dəqiqələrdə gəlirsə, komandaya qələbə qazandırırsa, buna ancaq sevinmək lazımdı” – deyə, Olabe bildirib.

Tovuz komandası  gözlənilənlərin əksinə olaraq, 3 xalı çox çətinliklə əldə etdi. Ola bilərmi ki, ilk oyunda komandada adaptasiya problemi vardı? Olabenin fikrincə, problem komandada yox, meydanın ot örtüyündə idi: “Təbii ot örtüyü deyil deyə, hərəkət etmək ağır idi. Həm də, çempionatın ilk oyunu ağır keçir. İstənilən halda, komanda öz üzərində işləməlidi”.

Ölkəmizlə bağlı təəssüratlarına gəlincə, Olabe bildirib ki, hər şey əladı: “Qarabağ”ı tanıyıram, bu komandanın avrokuboklarda oyunlarını izləmişəm. Bəzi futbolçuları haqda qiyabi də olsa, məlumatım var idi”.

Maraqlıdı, UEFA Superkubokunun iştirakçısı olan futbolçu Azərbaycan çempionatının səviyyəsi haqda nə düşünür? Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi yaxşıdı: “İldən ilə daha da artacaq.  Azərbaycandan aldığım ilk təklifdi.  Və qərarımı “Turan Tovuz”un lehinə verdim”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest