Misli Premyer Liqasının 1-ci turunun "Karvan-Yevlax" – "Qəbələ" matçını izləyənlər arasında "Sabah"ın futbolçusu Coy Lens Mikels də var idi. O, Yevlax təmsilçisində çıxış edən qardaşı Coy Sleyd Mikelsə dəstək olmaq üçün Şamaxıya təşrif bururmuşdu.
Almaniyalı hücumçu qarşılaşmadan sonra Matc.az saytına müsahibə verib:
- Qardaşın Azərbaycan Premyer Liqasında debüt etdi. Hisslərin necədir?
- Çox xoşbəxtəm. Ona görə Şamaxıya gəlmişəm. Birinci hissədə yaxşı fürsəti oldu. Təəssüf ki, zərbəsi dirəyə dəydi. Çempionata uyğunlaşmaq üçün bir az vaxta ehtiyacı var. "Karvan-Yevlax" onun sayəsində yaxşı nəticələr əldə edəcək.
- Üç qardaş Premyer Liqanın fərqli klublarında çıxış edirsiz. Misli Premyer Liqasına Mikels Premyer Liqası demək olar?
- Bu zarafatı çox eşitmişəm. Nə vaxtsa Premyer Liqada 3 qardaş oynayıb? Bildiyim qədərilə 2 qardaşın oynadığı vaxt olub. Əgər olmayıbsa, onda Mikels Premyer Liqası adlandırmaq olar.
- "Karvan-Yevlax" və "Qəbələ" Premyer Liqada rəqiblərinizdir. Onların oyunu haqda fikirlərin necədir?
- Maraqlı oyun idi. "Qəbələ" gözəl və sürətli futbol oynadı. Bu iki komanda arasında fərq ondan ibarətdir ki, "Karvan-Yevlax" demək olar ki, sıfırdan qurulub. Onların vaxta ehtiyacı var. "Qəbələ" isə ötən mövsümdəki heyətin bir çox oyunçusunu saxlayıb. Onlar üçün daha asandır. Hər iki komandaya uğurlar arzulayıram.
- "Levski"yə məğlubiyyətdən bir gün sonra burada qardaşının oyununu izləmək məyusluğunu bir az da olsa, azaltdı?
- Xeyr. Bu oyun barədə evdə çox da danışmadıq. Çünki hələ də çox məyusam. Mərhələni keçmək istəyirdik. Sabahdan etibarən artıq növbəti oyuna hazırlaşacağıq.
- Azərbaycanda bir avrokubok mövsümündə iki fərqli turnirdə het-trik edən ilk futbolçu oldun. Bununla bağlı nə deyə bilərsən?
- Rekordları qırmaq karyeramın bir hissəsidir. "Petrokub"la matçda "Sabah"ın heyətində 50-ci qolumu vurmuşam. Buna görə çox xoşbəxtəm. Belə şeyləri əvvəlcədən planlaşdırmırlar. Yeni baş məşqçinin oyun üslubu mənə çox uyğun gəlir. Futboldan çox zövq alıram.
- "Sabah" bu mövsüm "Qarabağ"la çempionluq mübarizəsi apara biləcək?
- Hələ çempionat başlamayıb. "Qarabağ"ın Premyer Liqada ən çox çətinlik çəkdiyi komanda "Sabah"dır. Amma "Qarabağ" kiçik komandalara qarşı xal itirmir. Biz son 2-3 mövsümdə bunu etmişik. Bunu aradan qaldıra bilsək, çempionluq barədə danışmaq olar.