"Neftçi"nin "Qarabağ"la bu gün "Bakcell Arena"da keçirəcəyi oyunda biletlərə 50 AZN qiymət müəyyənləşdirməsi birmənalı qarşılanmayıb. Hətta, klubun öz azarkeşləri bu biabırçılığa sosial şəbəkələrdə kütləvi narazılıq edir. Onlar "klub rəhbərliyi azarkeşlərin etirazından qorxub bu hərəkəti etdilər, əgər təhlükəsizliyi təmin edə bilmirlərsə istefa versinlər, daha bileti 50 manata qaldırmaq nədi?" deyir.

Azarkeşlərin dediyində həqiqət var. Kreslosu laxlayan klub rəhbərliyi bu hərəkətlə stadionda gözlənilən kütləvi "istefa" tələblərindən özünü sığortalamaq istəyir. Bu məqsədlə "Forza Neftçi" Azad Azarkeş qrupuna biletləri 1 AZN-dən verən Kamran Quliyev və dəstəsi özlərini fanatlara şirin salmaq istəyir. Amma bilmirlər ki, "Forza Neftçi"nin üzvləri bu klubu və bu rəngləri hansısa bilet endiriminə və ya klub rəhbərliyindən fərqli başqa hansısa maddi məsələlərə görə sevmir.

Bu azarkeş kluba təmənnasız könül verib və klub rəhbərliyindən fərqli "Neftçi"dən heç bir maddi təmənnası yoxdu. Bu təmənnasız sevgiyə görə də heç bir əhəmiyyət kəsb etməyən bugünkü oyunda 5 xallıq fərqi və çempionluğu əldən verən rəhbərliyin səriştəsizliyi nəticəsində doğma stadionlarında "Qarabağ"a qızıl medalların verilməsini izləmək məcburiyyətində qalacaqlar.

"Flaqman"ın digər fanat qrupu "Neftçimania"ya da biletlərin 1 AZN-ə verilib-verilməməsi haqda məlumat yoxdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest