“Titullar qazanmaq istəyirik. “Neftçi”nin zəngin ənənələri və tarixi var. Bu cür klub qələbə qazanmaya bilməz”. Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias deyib.

Ölkəsinin mətbuatına müsahibə verən təcrübəli müdafiəçi maraqlı fikirlər səsləndirib. Avrokuboklara vəsiqə qazanmaq istədiklərini deyən “sambaçı” "Neftçi"nin bundan artığını etməli olduğunu vurğulayıb: "Əfsuslar olsun ki, bu il avrokuboklara vəsiqə qazana bilmədik. Son tura kimi hər şey bizim üçün yaxşı gedirdi. Amma mövsümün axırıncı turunda uğursuzluq yaşadıq”.

Matias ötən mövsümün fərdi mənada onun üçün yaxşı keçdiyini əlavə edib: “Keçən sezon 30-dan çox oyunda iştirak etdim, aktivimə 5 qol və 2 məhsuldar ötürmə yazdırdım. Yeni mövsümdə daha çox matçda meydanda olmaq istəyirəm”.

Yuri növbəti mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi aparmağa çalışacaqlarını bildirib: “Azərbaycan Premyer Liqasının son mövsümündə də medal qazana bilmədik. Bu liqada ardıcıl bir neçə il çempion olan “Qarabağ” var. Bu hegemonluğa son qoymaq çox çətindi. İstənilən halda, yeni mövsümdə bunu etməyə köklənəcəyik. “Neftçi” layiq olduğu pilləyə qayıtmalıdı”.

Matias söhbət əsnasında artıq 8 ildi legioner həyatı yaşadığını xatırladıb: “Bu, çox yaxşı təcrübədi. Hər bir braziliyalı futbolçunun Avropada oynamaq arzusu var. Mənə bu, çox erkən yaşlarımda qismət oldu. Demək olar ki, Braziliya çempionatında futbol oynamamışam. 2021/22 mövsümündə “Kluj”un heyətində Rumıniya çempionu oldum, “Traktor”la İran Kubokunu qazandım. Legioner karyeram pis alınmayıb. Arzularımdan biri gələcəkdə Braziliyada oynamaq və ailəmə yaxın olmaqdı. Hər şeyin öz vaxtı var. İndi isə “Neftçi”dəki karyeramı davam etdirirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest