“Mançester Siti”nin hücumçusu Cek Qriliş, Almaniyada keçiriləcək Avropa çempionatında İngiltərə millisinin yekun heyətində yer almamasına təəccüblənib.
Matc.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu bundan xəbər tutanda çox əsəbləşib. Bu xəbər milli komandanın oyunçuları üçün də böyük sürpriz olub. Futbolçu hələ də millinin düşərgəsində olduğundan komanda yoldaşlarından bir neçəsi onu otağında ziyarət edib.
Həmçinin bildirilir ki, İngiltərə millisinin bir futbolçusu vəziyyəti həll etmək üçün baş məşqçi Qaret Sautqeytlə təkbətək söhbət etməyə çalışıb.
Qeyd edək ki, Qriliş iyunun 3-də Bosniya və Herseqovina ilə matçda meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Cek Qriliş bu mövsüm bütün yarışlarda 36 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.