Dünən çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirilib. Matc.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra ilk iki yarımfinalçının adına aydınlıq gəlib.

"Barselona" səfərdə olduğu kimi, evdə də "Mançester Yunayted"i məğlub edibsə (3:0), "Ayaks" Turində "Yuventus"a 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Oyunlardan sonra komandaların baş məşqçiləri və futbolçuları fikirlərini mətbuatla bölüşüb...

Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "Birinci hissədə yaxşı çıxış etdik. Ancaq futbol sürprizlərlə zəngindi. Buraxılan təsadüfi qoldan sonra bizdə qorxu yarandı. İkinci hissə fərqli olmalı idi. Amma "Ayaks" yarımfinala tamamilə layiq idi. Ronaldo bu gün komandaya kömək etməyə çalışırdı. Ancaq 1/4 finalda hər oyunçu vacib olur. Bizə 4-5 futbolçu çatışmırdı. Buna görə də birliyimizi itirdik və "Ayaks"a üstünlük imkanı verdik. O ki qaldı klubdakı gələcəyimə, prezidentə bildirdim ki, "Yuventus"da qalacağam. Təbii ki, rəhbərliklə görüşümüz olacaq".

Andrea Anyelli ("Yuventus"un prezidenti): "Ayaks" növbəti mərhələyə layiq idi. Başa düşürük ki, son 5-6 ildə bu turnirin 1/4 finalında iştirak edə bilirik. Ancaq daha da inkişaf etməliyik. Belə bir yarışdan kənarda qalmaq üçün yarım saat bəs edir. A seriyasında ardıcıl 8-ci çempionluq möhtəşəmdi. UEFA reytinqində 43-cü idik, indi isə 5-ci pillədəyik. Vəziyyəti təhlil etməliyik. "Ayaks" "Bavariya"ya problem yaratdı, "Real" və "Yuventus"u mübarizədən kənarlaşdırdı. Bu komanda bir neçə il əvvəl yarımfinala adlayan "Monako"nu xatırladır. Papağımızı qarşımıza qoyub düşünməliyik".

Federiko Bernardeski ("Yuventus"un hücumçusu): "Alleqrinin gələn mövsüm komandada qalacağını prezidentin təsdiqləməsi sevindirici oldu. Bu, çox vacib siqnaldı. Alleqri çempionlar Liqasının qalibi olmaq istəyir, bunun üçün də əlindən gələni edəcək. Gec-tez bu turnirin qalibi olacağıq".

Erik ten Haq ("Ayaks"ın baş məşqçisi): "Turindəki oyun Madriddəkindən fərqli oldu. İlk dəqiqələrdə fiziki mübarizəyə şahidlik etdik. Kollektiv oyun baxımından biz daha yaxşı idik. Ancaq rəqibin təzyiqini dayandırmaq məcburiyyətində qaldıq. Qol vəziyyətləri yaratmaq da çətin olurdu. İkinci hissədə rəqibin sürəti aşağı düşdü. Bu da bizə boş zonalar verdi. Nəticədə daha sərbəst oynamağa başladıq. 3-4 yüz faizlik qol şansını qaçırdıq. İntriqanı daha əvvəldən "öldürməli" idik. Ancaq standart vəziyyət zamanı problemi həll etdik".

Matteys de Liqt ("Ayaks"ın kapitanı): "Biz yenə bacardıq. İlk dəqiqələrdən çətin keçdi. Ancaq ümumilikdə yaxşı oynadıq və hesabda 2:1 önə keçdikdən sonra rəqibə zərbə imkanı vermədik. Turnirin qalibi ola bilərikmi? Hazırda yarımfinaldayıq. Son iki mərhələdə iki favoriti mübarizədən kənarlaşdırmışıq. Növbəti oyunlar daha çətin olacaq. Bu üzdən hansısa proqnoz vermək mümkün deyil".

Frenki de Yonq ("Ayaks"ın yarımmüdafiəçisi): "Madriddə "Real"a qarşı oyun daha çətin idi. çünki həmin vaxt ilk görüşdə uduzmuşduq. "Yuventus" intizamlı komandadı. Biz isə ikinci hissədə necə oynamağı bacardığımızı göstərdik. Baş məşqçi topa sahib olmağımızı və yüksək tempdə oynamağımızı istəmişdi. Finalda "Barselona" ilə qarşılaşmaq? İlk növbədə yarımfinal səddini aşmalıyıq".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Oyundan və nəticədən çox məmnunam. Uzun müddət idi yarımfinala çıxa bilmirdik. ümumiyyətlə, finala adlamaq istəyirik. öz gücümüzə güvənirik. Ancaq onu da dərk edirik ki, 5 uğuruz dəqiqə turnirdən kənarda qalmaq üçün kifayət edir. Messi hər zaman komandanın problemdən çıxmasına kömək edir. Ancaq bizim Leomuz olduğu üçün üzr istəmək fikrimiz yoxdu. Bu bizim xoşbəxtliyimizdi. Messinin qolu oyunun axarını dəyişdi".

Lionel Messi ("Barselona"nın kapitanı): "Möhtəşəm gecə idi. Biz məhz buyuq. Düzdü, ilk 5 dəqiqəni gərgin keçirdik, ancaq sonra qol vurduq və baxımlı oyun sərgilədik".

Serxio Buskets ("Barselona"nın yarımmüdafiəçisi): "üç il idi ki, yarımfinala çıxa bilmirdik. Ancaq oyunöncəsi bədbin fikirdə deyildik. çünki səfərdən qələbə ilə dönmüşdük. Bu da həlledici deyildi. Bu üzdən yenə qalib gəlməyə çalışdıq və bunu bacardıq".

Ole-Qunnar Sulşer ("Mançester Yunayted"in baş məşqçisi): "Əgər qələbəyə ehtiyacınız varsa, buna uyğun oynamalısınız. İlk 15 dəqiqəni yaxşı keçirdik, qol imkanları yaratdıq. Ancaq Messinin zərbəsi qarşısıalınmaz oldu. O, ən yüksək səviyyəli futbolçudu, matçın taleyini təkbaşına həll edə bilir. Messi və Ronaldo 10 ildi ən yaxşı şəkildə çıxış edirlər. Leo bu gün də öz klasını göstərdi. "Barselona" səviyyəsinə çatmaq üçün çox çalışmaq lazımdı. Əgər "Mançester Yunayted" ənənələrini qaytarmaq istəyiriksə, "Barselona" kimi rəqiblərə meydan oxumalıyıq".

Eşli Yanq ("Mançester Yunayted"in kapitanı): "Oyuna necə başladığımızı qəbul etmək çətindi. 2-3 real qol şansının heç birindən yararlana bilmədik. İlk qolu biz vursaydıq, hər şey fərqli olacaqdı. Lakin rəqibin ustalığı öz sözünü dedi və onlar qələbə qazandı. Hücumda fəal olmağa çalışdıq, ancaq belədə rəqibin qol vurmaq şansının da çox olduğunu bilirdik. İlk 15-20 dəqiqəlik mübarizəyə görə komandanı tərifləməyə dəyər".

Cessi Linqard ("Mançester Yunayted"in yarımmüdafiəçisi): "Belə oyunda səhvi bağışlamazlar. İlk 15-20 dəqiqədə nəzarət bizdə idi, qol imkanlarından yararlana bilsəydik, hər şey başqa cür olacaqdı. Belə görüşlərdə hər qol şansı qızıl dəyərindədi. Messi dünyanın ən güclülərindən biridi və bu gün ən yaxşı oyununu sərgilədi. çempionlar Liqası böyük turnirdi. Bura qayıtmaq üçün əlimizdən gələni edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest