Bu gün çempionlar Liqasında (çL) 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək. Matc.az saytının məlumatına görə, "Barselona" "Mançester Yunayted"i, "Yuventus" isə "Ayaks"ı qəbul edəcək.

Qarşılaşmalar öncəsi baş məşqçilər və futbolçular düşüncələrini bölüşüblər.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Mançester Yunayted"in oyuna necə yanaşacağını bilmirəm. Ancaq onlar çempionlar Liqasında son 4 səfər matçının 3-də qələbə qazanıblar. "Yuventus" və PSJ-yə son dəqiqə qolu ilə qalib gəliblər. Biz isə öz oyunumuza sadiq qalmalı və üstünlüyümüzdən yararlanmalıyıq. Səfərdə vurduğumuz qol yarımfinalın təminatçısı deyil. "Mançester Yunayted"in qapımıza yaxınlaşmamasına çalışacağıq. üstünlüyümüz barədə düşünməyəcəyik. Rəqib çox güclü və qələbə zehniyyəti olan komandadı. Bu üzdən meydanda daha güclü olmalıyıq. Onlar yəqin ki, səfər görüşlərini necə keçiriblərsə, bizə qarşı da o cür oynayacaqlar. Lakin bizim istəyimiz yarımfinala adlamaqdı".

Mark-Andre ter Ştegen ("Barselona"nın qapıçısı): "Rəqibin heyətində dünyanın ən yaxşı qapıçılarından olan və cari mövsümü əla keçirən David De Xea var. O, komandası üçün vacib futbolçudu. Belələrinə qarşı oynamaq hər zaman xoşdu. O ki qaldı mənə, şəxsi tituldan çox kuboklar qazanmağı üstün tutardım. Fərdi mükafatlar vacibdi, ancaq çempionlar Liqasını qazanmaq klub karyerasının pik həddidi. Bu yolda isə önümüzdə əngəl olan "Mançester Yunayted"i keçməliyik".

Ole-Qunnar Sulşer ("Mançester Yunayted"in baş məşqçisi): "Aleksis Sançes üçün xüsusi axşam olacaq. O, hər zaman meydana çıxanda özünü təsdiq etməyə çalışır. Mövsümü yaxşı bitirəcəyinə ümid edirəm. İndi səfərdə olmağımıza baxmayaraq, əsl "Mançester Yunayted" kimi oynamalıyıq. Bilirik ki, ən yaxşı oyunumuzu göstərməliyik. Messi və Suares kimi oyunçuların topla rəftarına mane olmasaq, işimiz çox çətinləşəcək. Mütləq qol vurmalı və buraxmamalıyıq. Daha çox qol vurduqca şansımız artacaq. Qol buraxmadıqca da intriqanı saxlamış olacağıq. Xüsusən də, standart vəziyyətlərdə boy üstünlüyümüzdən yararlanmağa çalışacağıq. 90+3-cü dəqiqədə qol vursaq, lap əla olar".

Romelu Lukaku ("Mançester Yunayted"in hücumçusu): "Barselona" tam başqa səviyyədi. "Barselona", "Real", "Yuventus" və "Bavariya" Avropanın ən güclü klublarıdı. Ancaq biz yenə İngiltərə klublarının ən yaxşı olmasını istəyirik. Minimum səhvə yol verməli və daha yaxşı oynamalıyıq. "Barselona" bəzən müdafiədə boşluq buraxır ki, bundan yararlanmaq lazımdı. Hər şey baş məşqçinin planından və oyunun gedişindən asılı olacaq. "Barselona"nın oyun üslubu rəqibdən asılı olmayaraq dəyişmir. Biz isə irəlidə ağıllı davranmalıyıq. PSJ üzərində qələbə futbolçulara özünəinamı qaytardı. Ancaq budəfəki rəqib "Barselona"dı".

Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "İlk görüşün nəticəsi heç nə demək deyil. önümüzdə fərqli oyun var. "Atletiko"ya qarşı necə oynadıqsa, bunu təkrarlamalıyıq. "Ayaks"ın hücumlarına qarşı diqqətli olmaq lazımdı. "Ayaks" səfər matçlarında hələ məğlub olmayıb. Amma bu durumu dəyişəcəyik. Güclü rəqiblə qarşılaşacağıq, mümkün qədər az səhv etməliyik. "Real"a qarşı səfərdə daha yaxşı idilər, nəinki evdə. Aqressiv olmalı, fiziki və texniki cəhətdən maksimum gücümüzü sərgiləməliyik. Əgər Frenki de Yonq  oynasa, onu daim təzyiqdə saxlayacağıq. O ki qaldı kapitanımıza, Dibala ilk dəqiqələrdən meydanda olsa, sarğını o taxacaq".

Əmrə Can ("Yuventus"un yarımmüdafiəçisi): "Zədədən sonra özümü yaxşı hiss edirəm. Artıq kollektivlə birlikdə məşq etmişəm, oyuna hazıram. Bilirəm ki, bu klubun ən böyük hədəfi çempionlar Liqasını qazanmaqdı. Son illər bir neçə dəfə buna yaxın olduq. Cari mövsüm bunu bacarmaq istəyirik. Bizi ağır oyun gözləyir. "Ayaks"a hörmət edirik, ancaq onlardan qorxmuruq. "Atletiko" ilə maçtdakı əhval-ruhiyyədə oynayacağıq. Qol vurmaq və qələbə qazanmaq istəyirik. Bunu bacaracaq gücdəyik".

Erik Ten Haq ("Ayaks"ın baş məşqçisi): "Biz Ronaldoya xüsusi diqqət ayırmayacağıq. Frenki de Yonqun durumu sual altındadı. Başqa variantlarımız da var. "Yuventus" Amsterdamdakı nəticədən sonra favoritdi. Əgər yaxşı oynasaq, istənilən maneəni aşa bilərik. Alleqri böyük mütəxəssisdi. Cavab oyununda nə cür dəyişikliklər edəcəyini mütləq düşünüb. Biz də taktiki planımızı yaxşılaşdırmalıyıq".

Andre Onana ("Ayaks"ın qapıçısı): "Oyunumuz və hazırlığımız çempionlar Liqasında daha da irəliləyəcəyimizə inam yaradır. çox yaxşı vəziyyətdəyik, mən isə hətta penaltilər seriyasında belə, bütün zərbələri dəf etməyə hazıram. Buna anadangəmə hazıram. Uğurlu mövsüm keçiririk, ancaq görüləsi hələ çox işimiz var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest