Bu gün çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 görüşü keçiriləcək. Matc.az saytının məlumatına görə, "Yuventus" Amsterdamda "Ayaks"ın, "Barselona" isə Mançesterdə "Mançester Yunayted"in qonağı olacaq.

Oyunlar öncəsi xarici mətbuatda cütlüklərlə bağlı maraqlı faktlar dərc edilib.

 

"Ayaks" - "Yuventus"

1. çempionlar Liqasında bu komandalar arasında əsas qolçu "Ayaks"da çıxış edir. Duşan Tadiç 6 qolla yalnız Lionel Messi və Robert Levandovskidən geri qalır. Kriştianu Ronaldoda isə bu mövsüm qol sayı azdı. Portuqaliyalı 7 matçda 4 dəfə fərqlənib. O, bu qollardan 3-nü əvvəlki mərhələdə "Atletiko"nun qapısından keçirib.

2. Leonardo Bonuççi "Milan"dan qayıtdıqdan sonra yenidən əsas heyət üzvünə çevrilib. Cari mövsüm çL-də qapıçı Voyçex Şesnı ilə yanaşı, təkcə o, bütün görüşləri əvəz edilmədən keçirib. Həmçinin Miralem Pyaniç də bütün oyunlarda start heyətində meydana çıxıb. Lakin bosniyalı bir neçə qarşılaşmada sonradan əvəzlənib.

3. Turnir tarixində komandalar 5 dəfə üz-üzə gəliblər. Bunların da hamısında gülən tərəf "Yuventus" olub. Xüsusən də, 1995-96 mövsümündə "qoca sinyora" məhz hazırkı rəqibini finalda penaltilər seriyası ilə məğlub edərək, çempion olub. Növbəti mövsüm isə turinlilər Hollandiya klubunu yarımfinalda üstələyib.

"Mançester Yunayted" - "Barselona"

4. "Barselona" çempionlar Liqasında yoluna davam edən yeganə İspaniya klubudu. "Atletiko"nun gözlənilməz, "Real"ın isə sensasiyalı məğlubiyyəti ispan klublarının uzunmüddətli hegemonluğuna son qoyub. 2010-cu ildən bəri ilk dəfə belə hal yaşanıb.

5. "Mançester Yunayted" üçün 1/4 final mərhələsi uzun illərdi adlaya bilmədiyi sehrli səhnədi. Komanda sonuncu dəfə 2011-ci ildə bunu bacarıb. Həmin vaxt ingilislər finala qədər irəliləmiş və həlledici oyunda "Barselona"ya məğlub olmuşdu.

6. Komandalar arasında ilk oyun əslində "Nou Kamp"da keçirilməli idi. Lakin Mançester şəhərinin digər təmsilçisi "Mançester Siti"nin "Tottenhem"lə oyununa görə, UEFA qərarını dəyişib və MY birinci matçını "Old Trafford"da keçirməli olacaq. Bəlkə də, bunu ədalətli qərar saymaq olmaz. Hər halda bütün komandalar ilk görüşü səfərdə keçirmək istəyər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest