çempionlar Liqasında dünən keçirilən oyunlarla son 1/4 finalçılar müəyyənləşib. Matc.az saytının məlumatına görə, "Barselona" "Lion"a, "Liverpul" isə "Bavariya"ya qalib gələrək, mübarizəni davam etdirib.

Qarşılaşmalardan sonra komandaların baş məşqçiləri və futbolçuları fikirlərini bölüşüb.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "İlk hissədə əla futbol sərgilədik və oyuna diktə etdik. Fasilədən sonra onlar risk almağa başladılar, bir qol vurdular. çempionlar Liqasında arxayınlaşa bilməzsiniz. Bu gün "Lion" hətta hesabı bərabərləşdirə də bilərdi. Ancaq 2:1 hesabından sonra da narahat deyildim. Messi bu gün möhtəşəm idi. Mərhələ adlamaq üçün əlimizdən gələni etdik. Görək, necə rəqiblə düşəcəyik".

Lionel Messi ("Barselona"nın hücumçusu): "Hesab 2:1 olanda narahatlıq keçirdik, bir qədər çətinliklə üzləşdik "Lion" ona qədər bizə problem yaratmamışdı. Yaxşı ki, üçüncü qolu vurduq və topa nəzarəti ələ keçirdik. Turnirin favoriti çoxdu. Bundan sonra daha yaxşı oynamalıyıq, çünki əsas çətin məqam yeni başlayır. Potensial rəqiblərin hamısı güclüdü. Xüsusən də, gənclərdən qurulan və heç kimdən qorxmayan "Ayaks"ı qeyd edərdim. Dünən "Yuventus" və Ronaldonun etdikləri də inanılmaz idi. "Atletiko"nun güclü olacağını düşünürdüm, amma Kriştianu möhtəşəm gecə yaşadı".

Bruno Jenezio ("Lion"un baş məşqçisi): "İki fərqli hissə oldu. İlk növbədə "Barselona"nın təzyiqini yatırmaq çox çətin idi. Daha sonra bir qolla ümidləndik. Rəqibin üçüncü qoluna qədər onları qorxutmağı bacardıq. Müdafiədə diqqətli oynamağa çalışdıq, ancaq "Barselona" buna imkan vermədi. üçüncü qoldan sonra ümidimiz tükəndi. Hər kəsin gözünün Lionel Messinin üzərində olduğunu bilirdik. O, çempionlar Liqası rejiminə keçdi və dünyanın ən yaxşı futbolçularından biri olduğunu göstərdi. O, sadəcə, dahidi, başqalarının bacarmadığı hər şeyi edir".

Luka Tusar ("Lion"un yarımmüdafiəçisi): "Fikrimcə, bu gün belə böyük komandaya qarşı oynamağa hazır deyildik. İkinci hissədə vəziyyəti dəyişmək üçün imkanlarımız oldu. Ancaq əks-hücumda yaxalandıq və böyük hesabla uduzduq. Şübhəsiz, rəqib daha güclü olduğunu göstərdi. Bizim Messiyə qarşı xüsusi planımız yox idi. Belə usta futbolçuya qarşı müdafiə olunmaq çətindi. Onda təbii istedad var. Rəqibə daha çox imkan yaratdıq. Şəxsən bu qədər zəif oynayacağımızı gözləmirdim".

Niko Kovaç ("Bavariya"nın baş məşqçisi): "çox güclü rəqiblə qarşılaşdıq. İki oyunun yekununda onlar daha yaxşı idi. 1:2-yə qədər açıq futbol oynadıq. Gördük ki, bir standart vəziyyət oyunun taleyini həll edə bilir. Onlar futbolçularımızı yaxşı zərərsizləşdirdilər. Sakit, kombinasiyalı oynaya bilmədik, Levandovskini topla təmin etməyi bacarmadıq. Bu üzdən məğlubiyyətə layiq idik. Rəqib yüksək tempdə təzyiq göstərdi".

Robert Levandovski ("Bavariya"nın hücumçusu): "İlk oyunda çox az riskə yol verdik, hücum etmədik. Cavab görüşündə də aqressiv olmadıq. Bu üzdən də çox az qol imkanımız oldu. Bu, bizim problemimizdi. Halbuki biz evdə, rəqib isə səfərdə oynayırdı. Bu məsələdə sanki rollar dəyişmişdi. çox əsəbiyəm, çünki daha yaxşısını edə bilərdik. İndi Bundesliqaya köklənməliyik".

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "İkinci hissəni çox yaxşı keçirdik. Fasilədən sonra belə oynamağa məcbur idik. öz oyunumuzu göstərdiyimiz anlarda "Bavariya" heç nə edə bilmədi. Layiqli qələbə qazandıq. Bir çoxları kimi səfər oyununda müdafiəyə oturmadıq. Belədə səhv etmək şansın daha çox olur. Ancaq oyunda qalmaq və nəzarət etmək üçün bu cür çıxış etmək lazımdı. İlk qola 500 dəfə baxmalıyam. Orda Mane üstün performans sərgilədi. Hendersonun zədələnməsindən başqa hər şey ideal idi".

Ceyms Milner ("Liverpul"un yarımmüdafiəçisi): "Sərfəli nəticə oldu. Ən yaxşı oyunumuzu göstərmədik, amma əsas məqsəd düzgün müdafiə olunmaq idi. Van Dayk yenə qol vurdu. Hətta boyuna görə daha çox qol vurmalıdı. 4 klubun növbəti mərhələyə yüksəlməsi İngiltərə futbolu üçün sevindirici haldı. Növbəti mərhələdə kimlə düşəcəyimizi bilmirik, ancaq ötən mövsümdən yaxşı xatirələrimiz var. ümid edirəm ki, yolumuza davam edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest