çempionlar Liqasının 1/8 final mərhələsində dünən keçirilən oyunlardan sonra daha iki 1/4 finalçı müəyyənləşib. Matc.az saytının məlumatına görə, "Mançester Siti" məsələni ilk görüşdə həll etmişdisə, "Yuventus" "Atletiko" önündə geridönüş etmək məcburiyyətində idi.

İlk matçda 0:2 hesabı ilə yenidən "qoca sinyora" cavab görüşündə Kriştianu Ronaldonun het-triki sayəsində həm revanşı alıb, həm də yoluna davam edib.

Oyundan sonra hər iki komandanın baş məşqçisi və futbolçuları fikirlərini bölüşüb.

Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "Uşaqlar bu gün necə tələb olunurdusa, o cür də oynadılar: yüksək sürətdə və texnikalı. Madriddə çox aqressiv ola bilməmişdik, amma bu gün xarakter nümayiş etdirdik. Tarazlığı itirmədən aramsız hücumlar etdik. Spinatsola sol cinahda yaxşı çıxış etdi. Bernardeskinin oyunundan da məmnun qaldım, eləcə də hamının. çünki belə nəticəyə nail olmaq üçün hər bir futbolçu üstün performans nümayiş etdirməlidi".

Leonardo Bonuççi ("Yuventus"un müdafiəçisi): "Yuventus" azarkeşləri üçün böyük gündü. Məğlubiyyətimizi öncədən bayram edənlərdən üzr istəyirəm. "Yuve" cavabını həmişə meydanda verir. Bu gün meydana düzgün ab-havada çıxdıq və azarkeşlər 12-ci oyunçumuz oldu. Cinah müdafiəçilərinin dəstəyi ilə hücumların kəsərini artırmağa çalışdıq. Bu taktika ilə rəqibə problemlər yaradacağımızı düşünürdük. Şərəfli geridönüş oldu və qazanılan adrenalindən mövsümün qalan hissəsində istifadə etməliyik".

Kriştianu Ronaldo ("Yuventus"un hücumçusu): "Bu günü xüsusi etmək istəyirdik və bu, bizdə alındı. Təkcə mənim qollarım yox, bütün komandanın əziyyəti sayəsində buna nail olduq. çempionlar Liqasında məhz belə əhval-ruhiyyədə oynamaq lazımdı. özümüzlə fəxr etməliyik. Mənim üçün sehrli gecə oldu. "Atletiko"ya qarşı oynamaq hər zaman çətindi. Ancaq biz də güclü komanda olduğumuzu sübut etdik".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Yuventus" daha yaxşı oynadı və qalibiyyətə layiq idi. Onlar bizi öz qapımıza sıxışdırdılar. Rəqib belə oyun keçirirsə, onu təbrik etmək lazımdı. çox səhvlərə yol verdik. Günahı oyunçularda deyil, özümdə görürəm. "Yuventus" taktiki planda daha güclü oynadı. O ki qaldı Ronaldonun jestinə, o, azarkeşləri nəzərdə tuturdu və "Yuventus" kimi böyük klubun ruhunu nümayiş etdirirdi. Ronaldo "Vanda Metropolitano"da etdiyimi görmüşdü və indi də özü mənim kimi xarakter göstərməyə çalışdı".

Dieqo Qodin ("Atletiko"nun müdafiəçisi): "Necə hücum edəcəyimizi bilmədik. "Yuventus" əlində düşən imkanları dəyərləndirdi, bizə isə bunu bacarmadıq. Axı cəmi 1 qol bizi 1/4 finala daşıyacaqdı. Mövsümün qalan matçlarında ən yaxşı oyunumuzu göstərməliyik".

Koke ("Atletoko"nun yarımmüdafiəçisi): "Ağır gecə oldu. Rəqib çox iddialı oynadı və istəyini həyata keçirdi. Bizə yalnız onları təbrik etmək qalır. "Vanda Metropolitano"da yaxşı oynamışdıq, bu gün isə "Yuventus" güclü idi. Səhvlərimizdən dərs çıxarmalıyıq".

Antuan Qrizmann ("Atletiko"nun hücumçusu): "öz oyunumuzu göstərə bilmədik. Zəif çıxış üçün pis gün seçmişdik. Hamımız məyusuq. Oyunun nəticəsinə təsir edə bilmədiyimdən, belə hesabda mən də məsuliyyət daşıyıram. "Yuventus" bütün komponentlərdə möhtəşəm idi. Ronaldo isə böyük oyunçudu. Bu gün 3 zərbə imkanı oldu, hamısı qolla nəticələndi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest