Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə mübarizəyə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 4 medal qazanıblar.
 
60 kq çəki dərəcəsində çıxış edən finala qədər irəliləyən Balabəy Ağayev həlledici görüşdə özbəkistanlı Kamran Nurullayevlə qarşılaşıb. Rəqibinə "ippon"la qalib gələn cüdoçumuz yarışın qızıl medalına yiyələnib.
 
Finala qədər irəliləyən digər idmançımız Nəriman Mirzəyev (73 kq) qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Şakram Ahadovla görüşüb. Rəqibinə cərimə xalları ilə uduzan Mirzəyev gümüş medalla kifayətlənib.
 
73 kq-da çıxış edən digər idmançımız Telman Vəliyev isə qırğızıstanlı Çingizxan Saginaliyevi yenərək 3-cü yeri tutub.
 
Qadınların yarışında 48 kq çəkidəki Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva isə üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib.
 
Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə erkən mərhələlərdə uduzaraq yarışla vidalaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest