Bu gün futbol üzrə Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gəliblər.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutan qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edib.

İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşıb. Daha əvvəl 1959/1960 mövsümündə çempion Klublar Kubokunun (indiki çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real"ına uduzmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanmışdı.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxmışdı. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/72 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub etmişdi.

Bu finalın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə isə komandalar hərəyə bir dəfə fərqləniblər. Əlavə vaxtda bərabərlik yenə pozulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Ayntraxt" Avroliqanın qalibi olub.

Avropa Liqası
Final
18 may

Ayntraxt (Almaniya) – Reyncers (Şotlandiya) 1:1 (penaltilər 5:4)
Qol: Borre, 69 – Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Ayntraxt: Kevin Trapp, Evan Ndika, Almami Ture, Tuta, Sebastyan Rode (k), Filip Kostiç, Cibril Sou, Daiti Kamada, Yesper Lindstrom, Ansqar Knauff, Santos Borre.
Reyncers: Allan Makqreqor, Ceyms Tavernye (k), Kelvin Beysi, Konor Qoldson, Borna Barişiç, Con Landstrem, Rayan Cek, Co Aribo, Qlen Kamara, Skott Rayt, Rayan Kent.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest