Avqustun 21-də Azərbaycan Premyer Liqasında 2020/21-ci illər mövsümü başlayacaq.

Matc.az xəbər verir ki, 29-cu ölkə çempionatı "Qəbələ" üçün yubileylə əlamətdar olacaq. Yüksək dəstədə 2006-cı ildə debüt edən "qırmızı-qaralar" 15-ci dəfə güclülərin mübarizəsinə qatılacaq. Komanda indiyədək 14 dəfə Premyer Liqada (əvvəlki güclülər dəstəsi) qüvvəsini sınayıb. "Qəbələ" bu çempionatlarda 5 dəfə mükafatçılar sırasına düşüb. "Qırmızı-qaralar"ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
 
Arxada qalan 14 mövsümdə komanda 412 matça çıxıb. Bu görüşlərdə 166 qələbə qazanan "Qəbələ" 107 dəfə bir xalla kifayətlənib. "Qırmızı-qaralar" 139 dəfə məğlubiyyətlə üzləşib. 505 qol vuran futbolçuları 444 top buraxıb. 
 
"Qəbələ" evdə və səfərdə eyni sayda – 206 oyun keçirib. öz meydanında 94 qələbəsi olan "qırmızı-qaralar" 54 dəfə heç-heçə edib. 58 dəfə uduzan "Qəbələ" qonaqların qapısından 269 top keçirib və 186-nı buraxıb. Səfərdə 72 dəfə üç xal əldə edən komanda rəqib meydanlarında 53 sülhə imza atıb. 81 dəfə səfərdən xalsız dönən "Qəbələ" 236 qol vurub, 258-ni buraxıb.
 
Bu 14 mövsümdə "Qəbələ"nin formasını 232 futbolçu geyinib. Onlardan altısı 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Asif Məmmədov – 105.
 
"Qəbələ"nin qollarına 106 futbolçu imza atıb. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İlk "beşlik"də hərəyə 16 dəfə fərqlənən Yannik Kamanan və Filip Ozobiç də yer alıb.
 
"Qırmızı-qaralar"a Premyer Liqadakı 14 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 
 
"Qəbələ" 14 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb, 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 3 dəfə ilk matçını uduzub:

05.08.2006. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0
11.08.2007. Standard (Bakı) - Qəbələ - 0:1
09.08.2008. Qəbələ - Muğan (Salyan) - 4:1
16.08.2009. Qəbələ - Simurq (Zaqatala) - 2:1
07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0
07.08.2011. Qəbələ - Bakı - 0:0
04.08.2012. Simurq (Zaqatala) - Qəbələ - 1:1
02.08.2013. Bakı - Qəbələ - 1:2
10.08.2014. İnter (Bakı) - Qəbələ - 4:0
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
12.08.2017. İnter (Bakı) - Qəbələ - 1:2
12.08.2018. Qəbələ - Səbail (Bakı) - 3:0
17.08.2019. Qəbələ - Sumqayıt - 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest