Avropa Liqasının qrup mərhələsində bu gün "Sportinq"i qəbul edəcək "Qarabağ" pley-off şansını qorumaq üçün mütləq qələbə qazanmalıdı. Matç.az saytının məlumatına görə, güclü rəqibə qarşı Azərbaycan çempionunun hansı "11-lik"lə meydana çıxacağı böyük maraqla gözlənilir.

Vaqner da Silvanın "Vorskla" ilə Bakıdakı matçda buraxdığı səhvdən sonra "1 nömrə"yə çevrilən Hannes Halldorsson bu gün də çərçivədəki yerini alacaq. Müdafiənin sağ və sol cinahı həmişəki kimi, Maksim Medvedev və Vild-Donald Geryeyə həvalə ediləcək. Ancaq müdafiənin mərkəzi üçün 3 namizəd var ki, baş məşqçi Qurban Qurbanov onlardan birini ehtiyatda saxlamalı olacaq. Kapitan Rəşad Sadıqov yəqin ki, 100-cü avrokubok matçına çıxacaq. Onun yanında Bədavi Hüseynov və ya Yakub Jezniçak çıxış edəcək. Bədaviyə son çempionat oyununda istirahət verildiyindən, onun meydana çıxmaq şansı daha yüksək görünür. Ancaq Kubanın da yaxşı formada olduğunu qeyd etmək lazımdı. Baş məşqçi ən pis halda Hüseynov-Jezniçak tandeminə güvənib, Sadıqovu yanında saxlayacaq.

Baş məşqçini yarımmüdafiə xəttindəki bəzi mövqelər də düşünməyə vadar edir. Qara Qarayevlə Miçelin yeri toxunulmazdı. Ancaq onların yanında Simeon Slavçev, yoxsa Filip Ozobiçin çıxış edəcəyi maraqla gözlənilir. Slavçev ilk dəqiqələrdən meydanda olsa, o zaman Miçel nisbətən hücumameyilli oynayacaq. Ozobiçin orta sahədə yer alması isə ispaniyalını Qaraya yaxınlaşdıracaq. Bolqarıstanlı yarımmüdafiəçi oynasa belə, yəqin ki, Qurbanov xorvatiyalıya da start heyətində yer tapacaq. çünki Ozobiç hazırda yaxşı formadadı və oyunu ilə buna layiq olduğunu göstərir.

Həm Ozobiç, həm də Slavçevin eyni anda iştirakı çox güman ki, Mahir Mədətovun ehtiyatdan başlaması ilə nəticələnəcək. çünki belədə Ozobiç sağ insayd kimi oynaycaq. Sol tərəfdə Abdullah Zubir hücuma dəstək verəcək. Hücumda Araz Abdullayevin oynamaq ehtimalı daha yüksəkdi. Amma Mahir Mədətovun da orda iştirakı istisna deyil.

Təbii ki, məşqçilər korpusu heyət seçimi zamanı təkcə futbolçuların hazırkı durumunu deyil, rəqibin gücünü, müsbət və mənfi tərəflərini də nəzərə alacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" – "Sportinq" matçı 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest