"Hər iki komanda üçün elə də uğurlu olmadı". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.
 
Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi"ni qəbul edən qəsəbə komandası meydanı 0:2 hesablı yenilgi ilə tərk edib.
 
Oyunsonrası təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssisin məğlubiyyət şərhi belə olub: "Daha yaxşı çıxış edə bilərdik. Buraxılan ilk qola şərhim yoxdu. Əlavə edilmiş dəqiqədə standart vəziyyətdən buraxdıq. Rəqib daha yaxşı idi. Standart vəziyyət zamanı rəqibin birinci dirəkdə təhlükəli olduğunu demişdik. "Neftçi" və "Qarabağ"a bu qədər qol şansı veririksə, ya onlar çox keyfiyyətlidilər, ya da biz keyfiyyətsiz. Əcnəbilərimiz bizə daha çox xeyir verməlidilər".
 
- ölkənin ən güclü iki komandasına qarşı oynadınız. "Sabah" nəyə qadirdi?
- Bu barədə nəsə deməyim düz olmaz. Bu mövzuya girsəm, gərək məndən öncə çalışanlar barədə də danışım. Oyunlara baxmısınızsa, siz özünüz hər şeyi görmüsünüz.
 
- Qış fasiləsində heyətdə neçə faiz dəyişiklik etməyi planlaşdırırsınız?
- Qışda nəsə dəyişikliklər etməliyik. Bunu görmək üçün məşqçi olmağa ehtiyac yoxdu. Adi azarkeş də bunu hiss edir. Kluba gələrkən mənə dedilər ki, filan futbolçu top səviyyədədi. Bilmirəm mən axmağam? Mənim kifayət qədər təcrübəm var. Qış fasiləsindən sonra əsas komandada Şakir kimi 7-8 oyunçum olacaq. O, məşqdə əlindən gələni edir. Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq.
 
- Filip İvanoviç əvvəllər müdafiənin mərkəzində oynayırdı, siz onu dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdiniz. Onu bu mövqedə görürsünüz?
- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. İstəmirəm ki, rəqibin 10, mənim 3 qol şansım olsun. Göyə, Allaha və qapıçının ümidinə qalmaq istəmirəm. İlk olaraq mərkəzi bağlamalıyıq. Filip mərkəz müdafiəçisi deyil, amma başqa variant olmayanda onu orda oynatmalısınız.
 
- Dediniz ki, sizin üçün pul böyük rol oynamır. Amma dəyişikliklər üçün pul lazım olacaq. Rəhbərlik sizə bu təminatı verib?
- Əcnəbi futbolçu meydanda mənə istədiyimi verməyəcəksə, 10 azərbaycanlı ilə oynayacam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest