2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Matc.az saytı xəbər verir ki, Türkiyə hazırlığını tamamlayan yığmamız bu gün turniri qəbul edəcək Braziliyaya yola düşüb.

Komandamız 6 gün Braziliyanın Sao Paulo şəhərində təlim-məşq toplantısı keçirəcək. Hazırlıq planına uyğun olaraq komandamız Braziliya klublarından biri ilə bir neçə yoldaşlıq oyunu keçirəcək və iyulun 30-da Təsnifat Turnirinin keçiriləcəyi Uberlandiya şəhərinə yola düşəcək.

D qrupunda yer alan Covanni Kapraranın yetirmələri ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Qrupda son matçda rəqibimiz Kamerun olacaq. Bu görüş avqustun 3-də baş tutacaq.

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün ümumilikdə 24 ölkənin millisi mübarizə aparacaq. Hər qrupdan yalnız birincilər birbaşa 2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, yığmamız iyunun 24-dən bəri Bakı, Bolqarıstan, Rusiya və Türkiyədə təlim-məşq toplanışı keçib, yoldaşlıq görüşlərində qüvvəsini sınayıb.

 

Lisenziya xarakterli Təsnifat Turniri

D qrupu

1 avqust

21:15. Braziliya – Kamerun

23:45. Dominikan Respublikası – Azərbaycan

2 avqust

21:15. Braziliya – Azərbaycan

23:45. Kamerun – Dominikan Respublikası

3 avqust

17:00. Braziliya – Dominikan Respublikası

19:30. Azərbaycan – Kamerun

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest