Uzun fasilədən sonra Misli Premyer Liqasına qayıdan klublar yarışa hazır deyil. Nə “İmişli”, nə də “Karvan” I Liqa ab-havasından çıxıb.
Yəqin ki, qarşıdakı mövsüm də yetərli olmayacaq. Yetərli kadr potensialının olmaması bir yana, bu klublara yeni bazar gözü ilə baxanlar kifayət qədərdir. Və onlar üçün futbol heç də ən vacib məqam deyil.
“İmişli”nin problemləri daha çoxdur. Klubun ev oyunlarını doğma meydanda keçirməyəcəyi dəqiqdir. AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə onlara bir il vaxt verməsi, infrastrukturu qurmaq üçün zaman tanıması imişlililəri daha da arxayınlaşdırıb. Komandaya Ağsu stadionunun həvalə edilməsi isə klub rəhbərliyinin infrastrukturun qurulması ilə bağlı heç bir addım atmamasına səbəb olub. Baş qarışıb transferlərə.
“İmişli”nin baş məşqçisinin kimliyi onların planlarını təxmin etməyə imkan verir. Klubun yaxşı maliyyə dayaqları var və bir qrup həmin pulları dağıtmaq üçün yol xəritəsi cızıb. Xorxe Kaskilya yaxşı məşqçi olsaydı, Riad Rəfiyev onu “Sumqayıt”a aparardı. Amma “kimyaçılar”ın menecer-prezidenti portuqaliyalını biznes obyekti kimi baxdığı bölgə təmsilçisinə məsləhət bilib. İndi də onun adı ilə legionerləri heyətə doldururlar. Məqsəd, məram yoxdur, hansısa inkişaf planı gözə dəymir, sadəcə, heyəti doldurmaq və mövsümü yola vermək niyyəti var.
İmişlidə tragikomediyadırsa, Yevlaxda cizgi filmi gedir. “Karvan” da oxşar ssenari ilə formalaşdırılır. Hamının süni ot örtüyündən dad etdiyi bir vaxtda yevlaxlılar sintetik qazon salmaqla məşğuldur. Bu komanda da mövsümə hazır deyil, daha çox güzəştlə yüksəldikləri elitada baş girələyəcəklər.
Hər iki klubun müəyyən infrastrukturu var, amma Premyer Liqa tələblərinə uyğun gəlmir. İmişlidə yerli arenaya sahiblənənlərlə bağlı problemin tezliklə həll olunması mümkün görünmür. İnsaf naminə, “Karvan” birşeyləri qaydasına salmağa cəhd edir. Lakin…
“Karvan”ın ayaqda qalmasında Kənan Kərimovun xidmətləri olub. Bu şəxs ən pis vaxtlarında komandanın yaşaması üçün çalışıb. Amma indi o klubu özünə qurban seçib. Kərimov müəyyən həddə kimi Yevlax klubuna xeyir verirdisə, indi ziyan verməklə məşğuldur. Kənan bəyin Premyer Liqada işləmək üçün tələb edilən məşqçi lisenziyası yoxdur, kateqoriyasını yüksəltmək üçün oxumayıb, çalışmayıb. Əvəzində postunda qalmaq üçün müxtəlif oyunlara əl atır.
Ötən həftə bəlli oldu ki, “Karvan”a yeni baş məşqçi təyin olunub. Belə ki, Azər Həşimov bu posta gətirilib, Kərimov isə vitse-prezident olacaq. Bu, yalnız rəsmiyyətdə belədir, əslində isə Kərimov yenə baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək, A kateqoriyalı Həşimov isə postun formal sahibi olacaq. Azər Məmmədov özünə hörmət edib bu şərtlə razılaşmadı, amma Kərimov başqa yolla istədiyini etdi.
Özləri bilər, Premyer Liqa klubunu oyuncağa çeviriblər, cəfasını da özləri çəkəcək. Amma klubda baş məşqçi dəyişir, rəsmi açıqlama verilmir, təqdimat keçirilmir. Mətbuat bunu öz kanalları vasitəsi ilə öyrənir, təsdiqlədir. Sanki darvazanın rəngini dəyişiblər, məşqçi yox. Təyinatın kölgədə qalması, qabardılmaması da Kərimovun niyyətindən xəbər verir – o, kluba baş məşqçi yox, özünün işləməsini təmin edəcək fiqur gətirtdirib.
İllərdir Premyer Liqada komanda sayının artmasını istəmişik. Belə artım gərək deyildi, öncə I Liqada komandaların inkişafına nail olmaq, onların elitaya hazır olmasını təmin etmək gərək idi. İmişlidə, Yevlaxda yenə əsl futbol olmayacaq – özümüzü aldadırıq. Bu bölgələrdə süni komandalar yaradıb kimlərinsə oyuncağı etməklə çempionatın səviyyəsini bir qədər də aşağı salırıq. 5-6 turdan sonra bu komandaların aqibətini hamı görəcək, sonadək aşağılarda sürünüb Premyer Liqanı tərk edəcəklər (futbolinfo.az).