FİFA Meksikada keçirilən matçda irqçi hücuma məruz qalan cənubi koreyalı yutuber İno Katı (Yun Su-cin) milli komandanın növbəti oyununa rəsmi qonaq kimi dəvət edib.

Matc.az xəbər verir ki, iyunun 12-də Cənubi Koreya - Çexiya qarşılaşmasında 6.6 milyon abunəçisi olan bloger selfi çəkərkən arxasındakı meksikalı azarkeş kamera qarşısında gözlərini dartaraq irqçi jest edib. Hadisənin videosu sosial şəbəkələrdə böyük qlobal etiraza səbəb olduqdan sonra həmin şəxsin Meksikanın Xalisko ştatındakı mühəndislər kollecinin sədri olduğu müəyyənləşib.

Ali futbol qurumu irqçilik edən şəxsin bilet hesabını dərhal bloklayıb, rəhbərlik etdiyi kollec isə onu vəzifəsindən azad edib. Təqsirkar şəxs əməlinə görə rəsmən üzr istəyib, FİFA isə İno Katın Cənubi Koreya - Meksika matçına xüsusi dəvəti qəbul etdiyini açıqlayıb.

Digər tərəfdən, Cənubi Koreya millisində yerli media ilə bağlı daha bir qalmaqal alovlanıb. Komandanın kapitanı Son Hın Min haqqında xoşagəlməz zarafatlar edən iki koreyalı jurnalistin səs yazısı üzə çıxıb. Məşq zamanı jurnalistlər təcrübəli futbolçunun ölkədə tam hərbi xidmət keçməməsini lağa qoyublar. Halbuki ulduz oyunçu 2018-ci ildə Asiya Oyunlarında qazanılan qızıl medala görə qanunla hərbi xidmətdən rəsmən azad edilmişdi. Bu hörmətsizliyə kəskin etiraz edən milli komandanın futbolçuları daxili media nümayəndələri ilə bütün ünsiyyəti tamamilə kəsərək boykot qərarı alıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest