Almaniya millisinin hücumçusu Kay Havertz 2026-cı il Dünya Çempionatının E qrupunun 1-ci turunda Kürasao ilə keçirilən matçın (7:1) ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Hücumçu Dik Advokatın rəhbərlik etdiyi komandaya qarşı keçirilən görüşdə dublla yaddaqalan olub.

Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran Almaniya E qrupuna liderlik edir, Kürasao isə sonuncu pillədə qərarlaşıb. Qrupun digər komandaları - Ekvador və Fil Dişi Sahili 1-ci turun oyununu iyunun 15-də keçirəcəklər.

2-ci turda Almaniya millisi Fil Dişi Sahili (20 iyun), 3-cü turda isə Ekvador (25 iyun) ilə qarşılaşacaq. Kürasao isə növbəti turda Ekvador (21 iyun), sonuncu matçında isə Fil Dişi Sahili (25 iyun) ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsi 11-27 iyun tarixləri arasında keçirilir. Komandalar dairəvi sistemlə bir-biri ilə üç oyun oynayırlar. Hər qrupda ilk iki sıranı tutan kollektivlər və ən yaxşı səkkiz qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest