FİFA 2026-cı il dünya çempionatı oyunları zamanı stadionlarda plastik su şüşələrindən istifadəyə şərait yaradacağını açıqlayıb.
FİFA 2026-cı il dünya çempionatı oyunları zamanı stadionlarda plastik su şüşələrindən istifadəyə şərait yaradacağını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı turnirin təşkilat komitəsinin mətbuat xidməti yayıb.
Yeni qərara əsasən, azarkeşlər ABŞ və Kanadada keçiriləcək oyunlara qapaqlı və 590 ml həcmində yumşaq plastik su şüşələri ilə daxil ola biləcəklər. FİFA-nın baş əməliyyat direktoru Heymo Şirgi bildirib ki, bu ölçüdə olan adi su şüşələrinin tribunalara gətirilməsi sərbəst olsa da, sərt plastikdən hazırlanan və təkrar istifadə edilə bilən qabların girişi qadağan olaraq qalır.
Yayımlanan rəsmi elanda Meksikadakı qarşılaşmalarda hansı qaydaların tətbiq olunacağı barədə məlumat verilməyib.
Xatırladaq ki, ali futbol qurumu iyunun 4-də təhlükəsizlik qaydalarını yeniləyərək stadionlara boş plastik şüşələrin gətirilməsini qadağan etmişdi. Lakin turnirin startına cəmi bir həftə qalmış qəbul edilən həmin qərar böyük narazılıq doğurmuşdu. Azarkeşlər, idman rəsmiləri, elm adamları və siyasətçilər isti hava şəraitində belə bir addımın insanları susuz qoya biləcəyini qeyd edərək FİFA-nı kəskin tənqid etmişdilər.













