Azərbaycanda “Bakı”, “Neftçi”, “Simurq”, “İnter”, “Qəbələ” və “Sumqayıt” klublarında oynamış, milli komandamızın sabiq üzvü Aleksandr Çertoqanovun matc.az saytına müsahibəsi

- Azərbaycandakı karyeranızla bağlı hansı xatirələriniz qalıb? Ölkəmizdə hansı klubda özünüzü daha rahat hiss edirdiniz?

- Azərbaycanla bağlı çox isti xatirələrim qalıb. Klubları ayırmaq istəməzdim. Çünki hər birində oynamaq mənim üçün rahat olub.

- Azərbaycanda keçirdiyiniz hansı oyunu və ya oyunları hələ də unutmamısınız?

- Klub karyeramı nəzərdə tutursunuzsa, “Neftçi”nin heyətində “Olimpik”ə qarşı keçirdiyimiz oyunu deyərdim. Həmin matçda 1:2 hesabı ilə məğlub olaraq çempionluğu əldən buraxmışdıq. Azərbaycan yığmasında keçirdiyim oyunlardan isə ən unudulmazı Bakıda Finlandiya millisinə 1:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşma olub. Çox vacib qələbə qazanmışdıq, qolu isə Emin İmaməliyev vurmuşdu.

- Sabiq komandalarınızdan olan “Neftçi”nin hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? Roman Qriqorçuku baş məşqçi postuna gətirən “ağ-qaralar” “Qarabağ”la çempionluq mübarizəsi apara bilmək üçün başqa nə etməlidilər?

- İşi görən futbolçulardı. Buna görə də yüksək səviyyəli oyunçular transfer etmək lazımdı.

- Son mövsümdə “Neftçi”nin heyətində bəyəndiyiniz futbolçu var idi?

- Açığı, “Neftçi”nin bütün oyunlarını izləmədim. Az sayda matçlarına baxmışam və komandanın oyunu xoşuma gəlməyib.

- Digər sabiq komandanız “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyi ağlınıza gələrdi?

- Mən oynadığım vaxtda “Qəbələ”nin nəvaxtsa yüksək dəstədən düşəcəyi ağlıma gəlməzdi. Niyə belə olduğunu bilmirəm. Görünür, klubda hansısa problemlər olub ki, yekunda “Qəbələ” Premyer Liqanı tərk edib.

- “Qəbələ”nin hazırkı baş məşqçisi Kaxaber Sxadadzenin vaxtilə rəhbərliyi altında oynamısınız. Kaxanın I Liqada “qırmızı-qaralar”ı çalışdırmağa razılaşması sizin üçün gözlənilməz olmadı?

- Əgər Sxadadze buna razılaşıbsa, deməli, komandanın qarşısına böyük hədəflər qoyulub. Əminəm ki, Kaxa “Qəbələ”ni əvvəlki səviyyəsinə qaytaracaq. Sxadadze yüksək səviyyəli mütəxəssisdi. Deyərdim ki, rəhbərliyi altında oynadığım məşqçilərin sırasında ən yaxşılardandı.

- Sabiq mərkəz yarımmüdafiəçisi olaraq, hazırda Azərbaycanda sizin mövqedə çıxış edən hansı futbolçunu ən güclü hesab edirsiniz?

- Mənim vaxtımda bu mövqedə daha güclü rəqabət var idi. İndikilərdən isə ən yaxşı yarımmüdafiəçi Qara Qarayevi hesab edirəm.

- Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?

- Məşqçilik lisenziyam yoxdu. Buna görə də Azərbaycana məşqçi kimi qayıdışım baş tutmayacaq. Amma ölkənizə səyahət etməyi həmişə istəyirəm. Orada mənə yaxın insanlar, dostlarım var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest