Futbol bayramının başlanmasına saatlar qalır. Almaniyada keçiriləcək, startı Münhen şəhərində, final oyunu isə Berlində planlaşdırılan növbəti Avropa çempionatına bayramdan başqa nə ad vermək olar ki? Qarşıda köhnə qitənin azarkeşlərini həyəcan, gərginlik, qələbə sevinci, məğlubiyyət açıcı ilə dolu günlər gözləyir.

Əvvəlki mötəbər yarışlardan fərqli olaraq, bu dəfə fəxri kürsüdə Almaniya futbolunun əfsanəsi Frans Bekkenbaueri görmək və alqışlamaq mümkün olmayacaq. Kədərli də olsa, bu, faktdır. Həyatın qanunları ilə barışmaqdan başqa əlimizdən nə gəlir?

Ötənlərin bu məşhur futbol ulduzunu təsadüfən xatırlamadım. Hələ 1972-ci ilin Avropa çempionatının finalında “Bakılı sehrbaz” Anatoli Banişevskiyə qarşı oynayan Bekkenbauer öz oyun dəsti-xətti ilə çoxlarından seçilirdi. Avropa çempionluğundan sonra dünya çempionu olmuş  Bekkenbauerin 1996-cı ildə 50 illik yubileyinə rəhbərlik etdiyim Alman-Azərbaycan Cəmiyyəti adından təbrik məktubu ünvanlamışdım. Məktubda yubiley münasibəti ilə keçirilən dostluq oyunundan əldə olunan vəsaitdən həmkarı Anatoli Banişevskinin də müalicəsinə yardım ayrılmasına razılıq verməsini xahiş etmişdim.  Təəssüf ki, öncədən ünvanı bəlli olan yardım aksiyasına görə istəyimiz gerçəkləşmədi.

Zaman keçdi, məşhur futbol məşqçisi Bernd Ştangenin dəstəyi ilə Bavariyaya yaxın məsafədə yerləşən Avstriyanın Leoqanq şəhərində 1997-ci ilin sentyabrında Azərbaycan rəssam və heykəltəraşlarının sərgisi təşkil olundu. Bu ərəfədə sərgi təşkilatçılarının qolf idmanı mərkəzində Frans Bekenbauerlə təsadüfi görüşdə Banişevski xatırlandı. Elə 1997-ci ilin yayında Cəmiyyətin təşkilatçılığı ilə “Neftçi” futbol veteranlarının Almaniyada keçirilən yoldaşlıq oyunlarından biri Nürnberq yaxınlığında baş tutdu.

Ertəsi günü səkkizguşəli Nürnberq şəhər stadionunda rəsmi çempionat oyunu öncəsi 1960-cı il birinci Avropa çempionluğunda xidməti olmuş Azərbaycan futbolunun əfsanəsi Ələkbər Məmmədov xüsusi hörmət və ehtiramla yaşıl meydançaya dəvət olundu. Almaniyanın məşhur futbol jurnalı “Kikker”in əməkdaşı canlı futbol əfsanəsi-Ələkbər Məmmədovla görüşüb müsahibə almaq fürsətini qaçırmadı. Məşhur azərbaycanlı futbolçuya Almaniyadakı  bu diqqəti görmək əlbəttə, qürurverici idi.

Növbəti Avropa çempionatı ərəfəsində bu epizodları xatırlamaqla, Avropa çempionatlarında oynamış həmyerlilərimizi yad etmək istədim.

Düşünürəm, Azərbaycan milli komandası nə vaxtsa uğur qazanacaq və bayrağımız Avropa çempionatında dalğalanacaq.

Çingiz Abdullayev,   

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest