AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Premyer Liqanın sonuncu – XXXVI turunda keçirilən “Neftçi” – “Sabah” oyunu ilə bağlı sərt qərarlar verilib.

“Neftçi”nin yarımmüdafiəçisi Dieqo Valdez təcavüzkar davranışa görə 4 oyun cəzalanıb, klubu 3000 manat ziyana salıb. “Ağ-qaralar”ın sabiq baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyi üçün 5 matçlıq sanksiya ilə üzləşib. Bu, paytaxt təmsilçisinin 4000 manat cərimələnməsinə səbəb olub.

Qarşılaşmada “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlənib. Bu üzdən “Neftçi” daha 1800 manat cərimələnib. Həmçinin görüşdən əvvəl ev sahiblərinin fanatları tərəfindən pirotexniki vasitədən istifadə olunub ki, bu da kluba daha 1500 manat zərər vurub.

“Sabah” da cəzasız qalmayıb. Qəsəbə təmsilçisinin futbolçusu Kahim Parris təcavüzkar davranışa görə 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Digər legioner Con İrasabal isə təcavüzkar davranışa görə 3 oyun şərti olmaqla 4 matçlıq sanksiyaya məruz qalıb. Hər iki oyunçuya 3 ay sınaq müddəti verilib. “Sabah” isə ümumilikdə 6000 manat cərimələnib.

Bundan başqa, “Sabah”ın digər üzvü Abdulax Xaybulaev da təcavüzkar davranışa görə 4 oyunluq cəzalanıb, klub 3000 manat cərimələnib.

Qarşılaşmada 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Sabah” daha 3000 manat xərcə düşüb.

Matçda 4 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat da cərimə ödəməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest