Artıq “Qəbələ”nin yaxşı oyunu da yoxdur. Komanda rəhbərliyi, məşqçilər dünənədək yaxşı oynadıqlarını, bu səbəbdən nəticələrin gələcəyinə ümid etdiklərini deyirdisə, artıq buna da ümid yoxdur. Komandanın oyununda xaos yaranıb, autsayder olmaq qorxusu, bunun yaratdığı təzyiq matçlarda hiss olunur.

“Neftçi” bundan əla istifadə etdi. İlk hissədə dəfələrlə qol epizodu yaradan, rəqibə eyni şansı verməyən bakılılar istəyinə fasilədən sonra çatdı. Standart vəziyyətdən sonra vurulan qol meydan sahiblərinin bir xal qazanmaq ümidlərini də puç etdi. Rəhman Hacıyevin ikinci dəfə toru sulkələdiyi epizodadək ümidsizcəsinə irəli atılan bölgə təmsilçisi yekunda heç nəyə nail olmadı və “Kəpəz”dən uzaqlaşmaq şansını boşa verdi.

Bakılılar ötən tur “Sabah”a məğlub olmalarının əvəzini səfərdə çıxdı. Komanda qeyri-sabit oynasa da, zirvədən çox geri qalmır, ümidini itirmir. Filip Ozobiçin start heyətdə görünməsi ilə hücumda daha rəngarəng oynayan, daha dişli təsir bağışlayan paytaxt təmsilçisi sürəti artıra bilsə, zirvə yarışına qoşulacaq.

Qaliblər mühakimə olunmur. Adrian Mutu əsas favoritlərlə görüşlərdə çarəsiz qalsa da, digər komandalarla matçlarda usta oyunçuların bacarığı uğur qazanmağa kifayət edir. “Neftçi”nin oyun dəst-xəttindən, komandadakı məşqçi işindən danışa bilməyəcəyik. Elə bu amil flaqmanın zirvə yarışında olacağını ehtimal etməyə əngəl yaradır. Rumıniyalı mütəxəssisin heyətdə tez-tez dəyişikliklər etməsi başqa bir problemdir.

Turnir cədvəlinin üst pillələri çox qarışıqdır. Hər tur yerdəyişmələr olacaq, kimsə digərinin önünə keçəcək. Əvəzində autsayderlər qrupu “Kəpəz”lə “Qəbələ” sayəsində sabit qalır. Bu komandalar qələbəyə həsrət qalmaqla rəqiblərin özlərindən çox irəli buraxıb. Hər ötən tur vəziyyət daha da qəlizləşir və onların yekunda elitada qalmaq uğrunda bir-biri ilə mübarizə aparacağını ehtimal edə bilərik.

Gəncəlilər böhrandan çıxmaq, komandanı toparlamaq üçün ilk addımı atdı. Azər Məmmədovun baş məşqçi postundan göndərilməsi vəziyyətdən çıxmağa hesablanan addımdır. Yəqin ki, doğru seçim ediləcək və bu dəyişikliyin faydasını görəcəklər. “Qəbələ”də isə vəziyyət fərqlidir. Baş məşqçi Elmar Baxşıyevlə baş menecer Nail Kərimovun soyuq müharibəsi davam edir və bundan komanda əziyyət çəkir.

Transferlər zamanı edilən yanlışlıqlar bir yana, Kərimovun ən böyük günahı ötənilki heyətin qorunmasını təmin etməməsidir. Bəli, gedənlər daha böyük maaş tələb edirdi, lakin onların ən önəmliləri üçün fədakarlıq etməyə dəyərdi. Hazırda komandaya fayda verməyən 11 faydasız əcnəbidənsə, Ruan Reanto və İsnik Alimini maaşlarını artıraraq saxlamaq kifayət edərdi. Çatışmazlıqları bir neçə əcnəbiylə və akademiyanın gəncləri ilə yoluna qoymaq olardı.

Lakin Kərimov məqsədli şəkildə kimlərinsə cibini doldurmaq üçün legioner köçünü təmin etdi, sıradan israillliləri heyətə doldurdu. İndi isə Baxşıyevi yola salmaq, öz sözü ilə oturub-duran sevimli məşqçisini iş başına gətirmək istəyir. Məşqçi ilə rəhbərlik arasında qarşılıqlı inamsızlığı futbolçular da hiss edir və bu, onların oyununa təsir edir.

“Qəbələ” də toparlanmaq üçün dəyişikliyə getməlidir. Amma bu klubda baş məşqçini yox, Kərimovu dəyişmək bəlkə də daha məntiqli olardı. Uşaq futbolunda daha faydalı olan Nail bəy hələ böyük işlərdə uğur qazanacaq qədər böyüməyib.

futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest