Azərbaycan Basketbol Liqasında (ABL) keçirilən oyunlarda baş verən qayda pozuntularına görə bir sıra klub və şəxslərə intizam cəzaları tətbiq edilib. Matc.az xəbər verir ki, “Neftçi” İK – “Landau Lions” BK qarşılaşmasında qonaq komandanın basketbolçusu Ceyms Freyzer oyundan kənarlaşdırılmasına baxmayaraq meydana qayıdaraq qarışıqlıq yaratdığı üçün cəzalandırılıb. ABL Əsasnaməsinin 65.1-ci maddəsinin tələblərini pozan basketbolçu növbəti oyunu buraxacaq və 600 manat cərimə ödəyəcək.

Eyni qarşılaşmada “Neftçi” klubunun meneceri Sahib Sultanov da cəzaya məruz qalıb. Qeyri-etik hərəkətlərinə görə ABL Əsasnaməsinin 65.14-cü maddəsinə əsasən o, növbəti oyuna buraxılmayacaq və 1000 manat cərimələnib. Klubun baş məşqçisi Konstantinos Vaseliyadis və basketbolçu Miliç Starova isə xəbərdarlıq edilib.

“Naxçıvan” BK – “Ordu” İK matçında ABL Əsasnaməsinin 62.2 və 62.3-cü maddələrinin tələblərini pozduğuna görə “Naxçıvan” klubuna ümumilikdə 500 manat cərimə tətbiq olunub.

“Gəncə” BK – NTD BK qarşılaşmasında isə təhlükəsizlik və tibbi xidmətin təşkilindəki nöqsanlar, eləcə də sifariş ərizəsinin vaxtında və düzgün tərtib edilməməsi səbəbindən ev sahibi komanda cəzalandırılıb. ABL Əsasnaməsinin 62.1 və 63.2-ci maddələrinin tələblərinin pozulmasına görə “Gəncə” klubu 700 manat cərimə ödəyəcək.

Qeyd edək ki, tətbiq olunan bütün cərimələr 30 iş günü ərzində Azərbaycan Basketbol Federasiyasının hesabına köçürülməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest