Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmaya dəvət olunmasının səbəblərini açıqlayıb. Matc.az xəbər verir ki, mütəxəssis Lvovda keçirilən mətbuat tədbirində 26 yaşlı vingerin çıxışını yaxından izlədiklərini bildirib.

Maldera Kaşukun öz çempionatında yaxşı təsir bağışladığını və komandada yaranan kadr çatışmazlığı səbəbindən ona şans vermək qərarına gəldiklərini deyib:

“Bütün məşqçilər korpusumuzla birlikdə çoxlu futbolçunu, o cümlədən xaricdə çıxış edən oyunçuları izləyirik. Kaşuk öz çempionatında çox yaxşı çıxış edir. Tsyqankov və Zubkovun yoxluğu səbəbindən həmin mövqedə müəyyən çətinliklərimiz yaranıb. Buna görə də ona şans vermək istədik.

Kaşukla danışmışam, son dərəcə motivasiyalıdır. Ümid edirik ki, o, hamımızı təəccübləndirəcək”.

Qeyd edək ki, Aleksey Kaşuk Ukrayna millisinin UEFA Millətlər Liqasında Şimali İrlandiya (14 noyabr) və Gürcüstan (17 noyabr) yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətə dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest