“Kəpəz” PFK-nın kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib. Matc.az xəbər verir ki, klub rəhbərliyi, əsas komandanın məşqçi, texniki və futbolçu heyətinin iştirak etdiyi ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Əvvəlcə Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Daha sonra şəhidlərin məzarları üzərinə tər güllər düzülüb.
“Kəpəz”in kollektivi ənənəsinə sadiq qalaraq, fan-klubun üzvləri Anar Məmmədov və Əmrah Rajapovun, eləcə də vaxtilə komandanın formasını geyinmiş Gəncə futbolunun yetirməsi İlqar Bürcəliyevin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub.













