Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi Afrika Millətlər Kubokunun (AFCON) yenidən iki ildən bir keçirilməsi barədə yekdilliklə qərar qəbul edib. Matc.az xəbər verir ki, turnirin dördillik dövrə keçirilməsi ilə bağlı əvvəlki plandan imtina olunub.
Bu barədə CAF-ın rəsmi saytında məlumat verilib.
CAF prezidenti Patris Motsepenin sözlərinə görə, qərar Afrika futbolunun inkişafı, qitənin 54 milli futbol assosiasiyasına dəstək göstərilməsi və xarici klublarda çıxış edən afrikalı futbolçuların maraqlarının qorunması məqsədi daşıyır.
Motsepe bildirib ki, Afrika Millətlər Kubokunu əvəz etməsi nəzərdə tutulan yeni “Afrika Millətlər Liqası”nın yaradılması üçün tələb olunan maliyyə resurslarının təmin edilməsi və iqtisadi müstəqilliyə nail olunması bir neçə il vaxt aparacaqdı.
CAF rəhbəri növbəti Afrika Millətlər Kubokunun 2027-ci ildə Keniya, Tanzaniya və Uqandanın birgə ev sahibliyi ilə keçiriləcəyini təsdiqləyib. Sonrakı turnirlərin isə 2028, 2031 və 2033-cü illərdə təşkili nəzərdə tutulur. 2030-cu ildə FİFA Dünya Çempionatı keçiriləcəyi üçün həmin il Afrika Millətlər Kuboku təşkil edilməyəcək.
Qeyd edək ki, 2025-ci ilin dekabrında CAF 2028-ci il turnirindən sonra Afrika Millətlər Kubokunun dörd ildən bir keçirilməsinə qərar vermişdi. Həmin vaxt beynəlxalq futbol təqvimində yaranacaq boşluğun yeni “Afrika Millətlər Liqası” vasitəsilə doldurulması planlaşdırılırdı.













