"Kəpəz" PFK akademiya yetirməsi olan və böyük gələcək vəd edən 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə imzalayıb.
"Kəpəz" PFK akademiya yetirməsi olan və böyük gələcək vəd edən 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gənc qapıçı U-19 komandasının əsas qolkiperi olmaqla yanaşı, Əvəzedicilər Liqası və Misli Premyer Liqasında da forma geyinmək hüququ qazanıb. "Sarı-göylər"in tarixində yeniyetmə istedadla sonuncu belə müqavilə 2018-ci ildə bağlanıb və həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə Gəncə təmsilçisinin tarixində peşəkar anlaşmaya imza atan ən gənc qapıçı ünvanına sahib çıxıb.
Əlisahib bu tarixi müqavilə ilə bağlı fikirlərini klubun rəsmi mətbuat xidməti ilə bölüşüb: "Kəpəz"lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacağam. Məqsədim "Kəpəz"in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın TOP-5 çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub Madrid "Real"ıdır. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm".













