"Sabah" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra "Sabah"ın qapıçısı Stas Pokatilov Matc.az saytına müsahibə verib:
- Görüş sizin üçün necə alındı?
- Əsas odur ki, qalib gəldik. Ağır oyun oldu. Belə olacağını da yaxşı başa düşürdük. Çünki "Turan Tovuz" yaxşı komandadır, standart vəziyyətlərdə təhlükəlidir. Üstəlik, onların oyun intizamı var. Üstəlik, çox çətin meydança idi. Artıq neçə vaxtdır, Azərbaycandayam, mənə görə ən pis meydança idi. Hətta Sumqayıtdakı ot örtüyü də bundan yaxşı idi.
- Tovuz stadionu süni örtüklü meydança olanda da oynamısan. Demək olar ki, əvvəlki süni örtüklü meydança təbii örtüklü meydançadan daha yaxşı idi?
- Bəli, məncə bu cür təbii örtüklü meydançadansa, ən yaxşısı elə süni örtüklü meydançadır. Quba və Sumqayıtdakı meydançalar məncə daha yaxşıdır.
- Həftə ərzində "Turan Tovuz"un standart vəziyyətlərinə qarşı xüsusi məşqləriniz oldu?
- Bəli, bunu bilirdik. Yaxşı hazırlaşmışdıq. Ümumilikdə, biz standart vəziyyətlərə də hazırlaşırıq. Bu görüş üçün də hazırlaşdıq. "Turan Tovuz" da bizə baxır, analiz edir. Qalib gəldiyimiz üçün şadam.
- Meydançaya komandanı kapitan kimi çıxarmışdın. Hansı hissləri keçirdin?
- Nə deyim?(gülür). Açığı kapitan sarğısı oldu, ya olmadı fərqi yoxdur, meydançaya çıxıramsa, ən yaxşısını etməyə çalışıram.
- Komanda indi liderdir. "Qarabağ"la təxirə salınmış oyun da olacaq. Ümumiyyətlə, çempionluq istəyi, arzunuz var? Realdır?
- "Qarabağ"... Nə demək olar? "Qarabağ"ı hamı tanıyır, necə komanda olduqlarını hamı bilir. Düzü, indi bu haqda danışmaq istəməzdim. Çünki istirahət vaxtımız olacaq. Orada isə hazırlaşacağıq.
- "Qarabağ"a qarşı matç sizin üçün xüsusi olacaq, yoxsa adi oyun kimi hazırlaşacaqsız, yanaşacaqsız?
- Gəlin açıq danışaq, Azərbaycanda bir komanda üçün "Qarabağ"a qarşı oyun prinsipial oyundur. Çünki bəli, mən də buna prinsipial görüş deyəcəm. Biz hazırlaşacağıq. "Sabah"ın "Qarabağ"la çempionluq mübarizəsindəki şanslarından danışsaq, indidən böyük nəsə demək istəmirəm. Biz oyundan-oyuna irəliləmək istəyirik. Bir oyun başa çatdısa, sonra qarşıdakını düşünürük. Hər halda, hər görüşə qələbə üçün çıxırıq. Çempionluq haqda danışmaq isə çox tezdir. Mövsümün sonunda baxacağıq turnir cədvəlinə.
- Əslində, yerli azarkeşlər və media üçün də maraqlıdır ki, "Qarabağ"ın qarşısında çempionluq mübarizəsi aparacaq rəqib olsun. Artıq sanki "Qarabağ"ın rəqibsiz çempion olmağı maraqsız gəlir...
- Nə deyim? Bizim öz düşündüklərimiz var. Dediyim kimi, biz oyundan-oyuna irəliləyirik, qalib gəlmək istəyirik.
- Bəs, rəhbərlik qarşınıza hansı məqsədi qoyub? Minimum 2-ci pillə?
- Sizə dedim, rəhbərlik də o cür deyir oyundan-oyuna irəliləmək, hər oyunu udmaq, mövsümün sonunda isə necə olduğuna baxacağıq. Kim hansı pillədə olacaq, görəcəyik. Hər halda, biz çalışırıq, daim qələbə üçün can atırıq.
- Valdas Dambrauskasla işləmək prinsipi necədir? Onunla ilk dəfədir işləyirsən..
- O, daim qalib gəlmək istəyir. Üstəlik, onun üçün intizam birinci pillədədir.
- Öz mövqeyində rəqabət hiss edirsən heç?
- Bizim yaxşı qapıçılarımız var, yaxşı rəqabətimiz var. Nicat Mehbalıyev, Rüstəm Samiqulin də yaxşı qapıçılardır, daha bir gənc qapıçımız da var, yeni gəlib. Rauf Eyyubovumuz da var. Qapıçı komandasında da, yaxşı rəqabətimiz, yaxşı atmosferimiz var. Hamımız əlimizdən gələni edirik ki, komanda üçün ən yaxşısını edək.












