“Səbail” Peşəkar Futbol Klubu ilə ölkəmizdə fəaliyyət göstərən Türkiyənin tanınan əczaçılıq şirkəti “Nobel İlaç” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Matc.az xəbər verir ki, Bayıl təmsilçisinin icraçı direktoru Firuz Abdulla ilə şirkətin baş direktoru Emrah Mansuroğlu arasında görüş keçirilib.

Razılaşmaya əsasən, “Nobel İlaç” cari mövsüm ərzində klubun dərman ehtiyaclarını qarşılayacaq. Bunun qarşılığında isə “Səbail”in ev oyunları zamanı “ASCO Arena”da yerləşən reklam lövhələrində şirkətin “Tylolhot” markasının əks olunduğu bannerlər yerləşdiriləcək. Həmçinin media zonada, kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanlarının yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək. Görüşün yekununda isə “Səbail” tərəfindən “Nobel İlaç”a xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən “Nobel İlaç” 1964-cü ildə yaradılıb. Şirkət əczaçılıq sənayesində 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli dərman istehsalçısıdır. Beynəlxalq standartlara uyğun istehsal olunan təsirli və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz nümayəndəliyi ilə fəaliyyətini davam etdirir. Peşəkar şəkildə təchiz edilmiş, 2500 nəfər işçisi olan böyük bir ailə olaraq Türkiyədə və xaricdə qlobal xidmət göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest