Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə qarşılaşan Azərbaycan millisi daha bir rəqibinə 3 xal bəxş etməklə yadda qaldı. 3 gün əvvəl Macarıstan hər qola 1 xal aldısa, budəfəki rəqib daha "acgöz" çıxdı, buraxdığı 1 topa beşqat cavab verdi.

Macarıstan önündə yanlış heyət və taktiki düzülüşlə yadda qalan baş məşqçi Nikola Yurçeviç qaş düzəltmək istəyərkən göz çıxartdı. Rəşad Eyubov və Şəhriyar Rəhimovun Slovakiya kimi rəqib önündə start heyətində meydana çıxmasına bir anlam vermək mümkün deyil. Anton Krivotsyuk isə xorvatiyalı üçün o dərəcədə vazkeçilməz və universaldı ki, 3 gün ərzində ona müdafiənin həm solunda, həm də mərkəzində yer verdi.

Antondan geri qalmayan Bədavi Hüseynov hələ də Rəşad Sadıqovun kölgəsindən çıxa bilməyib. Bədavi "Qarabağ"ın kapitanına o qədər öyrəşib ki, o olmadan etibarlı oynaya bilmir. Şəhriyar sol cinahda müdafiəçidən çox sərbəst oyunçu kimi davranır, ürəyi istəyən kimi gəzirdi. Maksim Medvedev sağda itib-batmışdı və görünən o idi ki, kapitanlıq vəzifəsinin öhdəsindən gələ bilmirdi.

5 qoldan 4-nə reaksiya göstərməyən, digərinə isə top qapıya daxil olandan sonra tullanan Səlahət Ağayev də komanda yoldaşlarını tamamlayırdı.

Macarıstanla matçda sonradan meydana daxil olaraq canlanma yaradan Ağabala Ramazanov göstərdi ki, onunku elə oyuna əvəzləmədən qoşulmaqdı. Araz Abdullayevin bacardığı tək şey sağ cinahdan kor-koranə şəkildə ötürmələr vermək idi. Sanki topu başından eləmək üçün onu qəbul edən kimi, qapı önünə göndərirdi. Halbuki, bəzən cərimə meydanına girib, sol ayağı ilə zərbə vura bilərdi. Necə ki, Ramil Şeydayev qolu əks cinahda məhz bu formada vurdu.

ümumiyyətlə, komandanın heyətində tənqid olunmaması gərəkən yeganə oyunçu Şeydayev idi. Qaçır, vuruşur, qorxmadan rəqibin üzərinə gedir, can yandırırdı. Bunun da mükafatı olaraq özü yaratdığı şansı qolla tamamladı.

Dünənki zəif komandanın ən "ölü" nöqtəsi orta xətti idi. Yerində saymaqla məşğul olan Qara Qarayev və Riçard Almeydaya Rəşad Eyubovun da qoşulması ilə meydanda maraqlı yuxulayan "trio" təşkil olunmuşdu. Rəqib bütün qolları, demək olar ki, onların "köməyi" sayəsində vurdu.

Əvəzetmədən meydana daxil olan Mahir Emreli, Emin Mahmudov və Renat Dadaşov da ümumi ansambldan geri qalmadılar.

Adam bilmir ki, belə oyundan sonra futbolçuları tək-tək dəyərləndirib, nə yazsın. Yuxarıda qeyd etdiyim məqamlar buna gərək olmadığına işarədi. Buraxılan qol epizodlarına bir-bir diqqət yetirsək, yığmanın ümumi çıxışına daha yaxşı qiymət vermək olar.

1-ci qol - Peşəkar karyerası ərzində bir əlin barmaqlarının sayı qədər qol vuran Stanislav Lobotkanın vurduğu top Azərbaycan futbolunun səviyyəsini ortaya çıxardı. Qara Qarayev toxunmur ki, birdən üzüyünün qaşı düşər. Rəşad Eyubovun da yaxınlaşmağa cəsarəti çatmır. Nəticədə rəqibin dayaq yarımmüdafiəçisi topla mərkəzdən 10-15 metr maneəsiz irəliləyib hesabı açır.

2-ci qol - Yuray Kuçkanın az qala meydanın mərkəzinə yaxın nöqtədən vurduğu cərimə zərbəsi zamanı Səlahət Ağayevin bir alqışlamadığı qalır.

3-cü qol - Riçard Almeyda Kuçkanı unudur, Qara onu sığortalamaq istəyərkən öz mövqeyini boş buraxır. ötürməni qəbul edən Marek Hamşik isə Krivotsyukun ətrafında fırlanıb onu sıradan çıxarır və rahat şəkildə "doqquzluğ"u nişan alır.

4-cü qol - Ağabala Ramazanov cinah müdafiəçisi kimi rəqibin qarşısını kəsməklə məşğul olduğu sırada Şəhriyar Rəhimov özü üçün gəzir. Eyubov hər şeylə barışmış şəkildə heç geriyə qaçmağa ehtiyac duymur. Qarayev cərimə meydanı həndəvərində dayanmaq yerinə gərəksiz yerə qapının içinə doğru qaçır. Onun əvəzinə Maksim Hamşikin önünə qaçır, amma zərbə anında özünü kənara verir ki, Marek əziyyətsiz dubl etsin.

5-ci qol - Rəqibin kombinasiyalı hücumu futbolçularımızın ruhunu da incitmir. Slovakların necə paslaşdıqlarını, Hançkonu nə cür təkbətək çıxardıqlarını oyunçularımız yəqin epizodun təkrarına baxanda görərlər.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest