"Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar".
"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox ağır məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. "Qırmızı"dan sonra bütün oyun planımız pozuldu.
- Ötən tur 10 nəfər nəfərlə qalan "Şamaxı"nı məğlub etdiniz, bu gün isə özünüz azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?
- Bəlkə də sual doğru deyil. Bu, futboldur. "Şamaxı"da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.
- İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə dəyərləndirirsiniz?
- Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.
- Qışda yeni qapıçı transferi gözlənilir?
- Hər şey ola bilər, düşünəcəyik.
- Qapıçı seçiminizdə xüsusi səbəb var idi?
- Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.












