"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə oyunundan sonra Matc.az saytına müsahibə verib:

- Oyun haqda təəssüratların necədir?

- Oyun çox çətin idi, çünki milli fasilə səbəbindən 12 gün futbol oynamadıq. Düşünürəm ki, yaxşı oynamadıq. Daha yaxşı mübarizə aparmalıyıq. Ancaq ən önəmlisi 3 xalı qazanmağımızdır.

- Beynəlxalq fasilədən söz açdın. Səncə, bu fasilə məşqlərə və oyuna hansı formada təsir etdi?

- Məncə bu, bizim üçün yaxşı olmadı. Çünki demək olar hər həftə oynayırdıq. Konfrans Liqası və Premyer Liqa olmaqla həftədə 2 matç keçirirdik. Amma bu fasilə bizi bir az geriyə saldı. İndi isə qarşıda ağır oyun var, daha yaxşı hazırlaşmalıyıq.

- Ümumən oyun boyu, ələlxüsus da ilk hissədə komanda bir sıra bəsit ötürmə səhvləri etdi. Səncə, bu nədən qaynaqlanırdı?

- Məncə bu həftə daha çox işləməliyik. Çünki bizdə yaxşı oyunçular var. "Kəpəz"lə matçda yaxşı oynamadıq. Əsas məsələ 3 xal idi. İndi qarşıda "Qarabağ"la oyun var, diqqətimizi ora yönəltməliyik.

- "Qarabağ"la matç barədə nə düşünürsən? Onlar "Benfika" ilə Çempionlar Liqasında oynayacaqlar. Bu çətin qarşılaşmadan sonra "Qarabağ"la görüşdə şansınızı necə qiymətləndirirsən?

- "Qarabağ" çox güclü komandadır, yaxşı oyunçuları var. Onlar üçün "Benfika" ilə oyun böyük qarşılaşma olacaq. Amma "Qarabağ"la oyun bizim üçün final kimidir. Çünki bu çox vacib matçdır və biz öz gücümüzə inanırıq.

- Şəxsi olaraq və komanda olaraq bu mövsüm üçün hədəfləriniz nədir?

- Mənim işim hər oyunda komandama kömək etməkdir. Qol vurmaq mənim üçün yaxşıdır, amma ən vacibi komandamızın qalib gəlməsi və 3 xal qazanmasıdır. Komanda olaraq da maksimum yuxarı pillədə qərarlaşmaq üçün mübarizə aparırıq.

- Son saniyələrdə hakim oyunu dayandırdı, sən isə qapıçı ilə təkbətək vəziyyətə çıxmaq üzrə idin. Qərara aqressiv reaksiya verdin. Bu epizod barədə nə deyə bilərsən?

- Bəli, son epizodda düşünürdüm ki, qapıçı ilə təkbətək qalacağam. Amma hakim oyunu saxladı. Bu, məni əsəbləşdirdi. Amma futbolda belə şeylər olur. Bu da oyunun bir hissəsidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest