"Kəpəz"in qapıçısı Məmməd Hüseynov Misli Premyer Liqasının 4-cü turunun "Araz-Naxçıvan"la matçından sonra Matc.az saytına müsahibə verib:
- Əvvəlki matçlar baxanda "Araz-Naxçıvan"la oyunumuz daha yaxşı idi. Komanda meydanda yaxşı mübarizə apardı. Birinci hissədə səhvsiz oynadıq. İkinci yarıda bəzi boşluqlar verdik. Rəqibin keyfiyyətli oyunçuları var. Bundan istifadə etdilər.
- Milli fasilədə məşq etmək üçün kifayət qədər vaxtınız oldu. "Kəpəz" fasiləni necə dəyərləndirdi?
- Oyuna baxanda görünür ki, yaxşı dəyərləndirmişik. Əvvəlki matçlarla müqayisədə oyunumuzda irəliləyiş var idi. İnanıram ki, gündən-günə daha yaxşı hala gələrik.
- Ən azı 1 xal qazanmaq üçün nə çatmadı?
- İkinci hissədə müdafiədə boşluq verdik. Rəqibin oyunçuları belə səhvləri bağışlamır.
- Adil Şükürov qapıda sənə etimad göstərdi? Öz performansını necə dəyərləndirirsən?
- Onu mən yox, məşqçilər dəyərləndirsə, daha yaxşı olar. Oyuna sonradan baxanda səhvlərini görürsən. Birinci hissədə düşünürəm ki, oyunum yaxşı alındı. Buraxdığım qollara baxmaq lazımdır.
- Birinci hissədə zədələnmişdin. Orada nə baş vermişdi?
- Top sinəmə dəydi, nəfəs ala bilmirdim. Sağ olsun həkimlərimiz, yaxşı baxdılar.
- 4 oyunun hamısında uduzmusuz. Səncə, səbəbi nədir?
- Yəqin ki, bunu bilsəydim, məşqçi işləyərdim. Görünən odur ki, problem var. Rəhbərlik, məşqçilər korpusu, futbolçular - hamımız birlikdə problemləri aradan qaldırmağa çalışırıq. Nə vaxt düzələcəyini zaman göstərəcək.
- "Kəpəz" son illərdə mövsümə belə başlayır. Öz aranızda söhbət edirsiz ki, 7-8 turdan sonra düzələcək?
- Nədənsə belədir. Səbəbini biz də başa düşmürük. Son 4 mövsümün ikisində mən burada olmuşam. Yəqin ki, sonradan qoşulan oyunçuların uyğunlaşması üçün vaxt lazımdır. Çünki hər il heyət dəyişir. Buna görə ola bilər.