“Avropa çempionatına hazırlıq çərçivəsində 2 yoxlama görüşü keçirəcəyik. AVRO-2024-ə az vaxt qalıb. Yoldaşlıq görüşləri də daxil olmaqla, cəmi 7 günümüz var”. Matc.az xəbər verir ki, bunu Albaniya yığmasının baş məşqçisi Silvinyo deyib.
Albanlar AÇ-2024-ə hazırlıq çərçivəsində sabah Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcəklər. Mətbuat konfransı keçirən Silvinyo yığmamızla qarşılaşmada oyunçuların yeni taktikaları sınamağına şərait yaradacağını qeyd edib: “Avropa çempionatında ilk sınaq İtaliyaya qarşı olacaq, o oyuna hazırlaşırıq. Bu mənada, Azərbaycanla matçda daha çox az oyun şansı olan futbolçularımıza şans verməliyik. Çox sürətli bir prosesin içindəyik. Azərbaycanla oyundan sonra İtaliyaya qarşı hazırlaşmaq, rəqibi düzgün təhlil etmək imkanımız olacaq".
Braziliyalı mütəxəssis söhbət əsnasında Azərbaycan millisi barədə də danışıb: “Azərbaycanla oyunda müdafiə baxımından daha çox işləmək istəyirik. Çünki AVRO-2024-dəki ilk rəqibimiz İtaliya çox güclü rəqibdir. Bu mənada, Azərbaycanla oyun bizim üçün italyanlara qarşı düzgün hazırlaşmaq baxımından əla fürsətdir. Azərbaycanla matç da çətin keçəcək. Yoldaşlıq görüşündəki rəqibimiz də yaxşı komandadır. Azərbaycan yığması bizi çətin vəziyyətə sala bilər”.
Qeyd edək ki, Macarıstanda keçiriləcək Albaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.