"Karvan", "Standart", "Xəzər Lənkəran" və "Kəpəz" kimi klublara rəhbərlik etmiş, son olaraq 2020-ci ildə qısa müddət "Keşlə"nin baş məşqçisi olmuş futbol veteranı Yunis Hüseynovun matc.az saytına müsahibəsi

- Hazırda nə işlə məşğulsunuz?
- Hələlik boşluqdu, heç bir işlə məşğul deyiləm. Şəxsi biznesim heç vaxt olmayıb. Həmişə futbolun içində olduğum üçün bizneslə məşğul olmağa vaxtım olmayıb. Açığı, biznesdən o qədər başım da çıxmır.

- Bəs nə ilə dolanırsız?
- Şükürlər olsun, hələ ki, acından ölmürük.

- çempionatı izləyirsiniz?
- Bəli, bütün oyunlara baxıram.

- Kənardan necə görünür?
- Həm yaxşı, həm orta, həm də zəif oyunlar olur. Hələlik yalnız "Qarabağ" – "Sabah" (4:3) duelini yaxşı oyun kimi fərqləndirərdim. Məzmunlu mübarizə keçdi. Qalan matçlar belə də, orta səviyyədə gedir.

- Premyer Liqada komanda sayı 10-a yüksəldi. Sizcə, bunun çempionatın səviyyəsinə müsbət təsiri oldu?
- Komanda sayının artırılması müsbət amildi. İstərdim daha çox klub olsun. Amma "Kəpəz"in ev oyunlarını Gəncədə keçirməməsi yaxşı hal deyil. 6-cı turun "Turan Tovuz" – "Kəpəz" (2:0) görüşünə nə qədər fanat toplaşmışdı. Əminəm ki, "Kəpəz" ev matçlarını öz meydanında keçirsə, Gəncədəki oyunlara da çox sayda azarkeş gələr. Matça azarkeş marağının olması futbolçuda məsuliyyəti də artırır. Komanda sayı daha çox olsa, futbolumuzun yalnız xeyrinə olar. çünki işsiz məşqçilərimiz də çoxdu. Onlar da işlə təmin olunarlar.

- İşsiz məşqçilərin çox olmasının günahı kimdədi?
- Günahı kimdəsə axtarmaq düz olmaz. Məşqçi işi klub rəhbərindən asılı olan şeydi. Günahın məşqçilərdə olması fikri ilə razı ola bilmərəm. Ona görə razı deyiləm ki, istənilən çalışdırıcıya bir az vaxt vermək lazımdı. Yalnız belədə məşqçi də fikrini, bacarığını ortaya qoya bilər. 2004-cü ildə "Karvan" yarananda baş məşqçi təyin olundum və həmin komandanı sıfırdan yığdım. Azərbaycanda səs salan yaxşı kollektiv qurduq. Rayonlarda oyunlara gedəndə azarkeşlər stadiona gəlirdi, "Karvan"ı dəstəkləyirdilər. Bilmirəm, nə idisə həmin "Karvan" qəlblərə yol açdı, sevimli komandaya çevrildi. Avrokuboklarda ilk dəfə mərhələ adlayan klub olduq. Orada mənim 2-3 il vaxtım oldu. çempionatda 2-ci və 3-cü yeri tutduq, ölkə kubokunun finalına çıxdıq. Hətta çempion olmaq şansımız da var idi. Maliyyə problemi yarandıqdan sonra komanda yavaş-yavaş dağılmağa başladı. Həmin vaxt maliyyə dəstəyimiz lap yaxşı olsaydı, bəlkə də, çempionlar Liqasının və ya UEFA Kubokunun (indiki Avropa Liqası) qrupunda oynayardıq. Sözümün canı ondadı ki, məşqçiyə vaxt veriləndə nəticə göstərə bilir. Amma indi 5-6 ay işləyən kimi məşqçiyə deyirlər ki, alınmır, sənə yaxşı yol. Məşqçi ilə belə davranmaq olmaz axı.

- Nədənsə bu rəftar daha çox yerli məşqçilərə qarşı edilir...
- Sözümü elə ona gətirirəm. Məsələn, son iş yerim "Keşlə" (indiki "Şamaxı") oldu. Ora "transfer pəncərəsi" bağlandıqdan sonra getmişdim, komanda yığılmışdı. özümlə də heç bir oyunçu aparmamışdım. Məqsəd o idi ki, qış fasiləsində və mövsümün sonunda yavaş-yavaş istədiyim heyəti qurum. Taktikama uyğun oyunçular yığmalı idim. 5 aydan sonra dedilər ki, alınmadı, yaxşı yol. Rəhbərliyin futbola laqeyd yanaşması nəticəsində belə hallar yaşanır.

- Hazırda Premyer Liqada əcnəbi mütəxəssislərin çalışdığı komandalardan olan "Sumqayıt" ilk 6 turda qələbə qazana bilməyib. Sizcə, Aleksey Baqanın yerində yerli çalışdırıcı olsaydı, ona bu qədər səbir edərdilər?
- İnandırım sizi, yerli məşqçi olsaydı, çemodanı çoxdan əlinə vermişdilər ki, bizimki sizinlə alınmadı. Bizdə bir az peşəkarlıq da çatmır. Verilən sözlərə inanırıq, düşünürük ki, nəsə demək ayıb olar. Elə mən özüm "Keşlə"dən ayrılanda öz-özümə dedim ki, ayıbdı, heç nə deməyim, gedim. Belə də olmamalıdı. Müqavilən varsa, gərək sona kimi tələb edəsən. Onda klub rəhbəri düşünər ki, göndərmək çətin olar. Ancaq baxın, əcnəbi  məşqçini qova bilirlər? Əcnəbini göndərmək istəyəndə deyir ki, təzminatımı ver. Ona görə də məcburiyyətdən onları saxlayırlar. Yəqin ki, Aleksey Baqanın da "Sumqayıt"la iki illik müqaviləsi var, çıxara bilmirlər. Göndərmək üçün onun iki illik təzminatını, yerinə təzə gələnə də pul verməlisən. İkiqat ziyana düşməmək üçün məcbur qalıb saxlayırlar.

- Belə çıxır ki, hələ də kişi sözünə işləyirsiz?
- Bəli. Yalandan nə deyim, həmişə belə olub.

- Bu, məşqçilərin qeyri-peşəkarlığı deyil?
- Əlbəttə ki, qeyri-peşəkarlıqdı. Bilirsiniz, deyirik ki, söz veriblər, utanırıq. Mən belə düşünürəm ki, söz vermisənsə, gərək üstündə durasan. Ancaq gərək belə eləməyək. "Keşlə"də olanda anladım ki, heç kimə inanmaq lazım deyil, verilən vədlərin hamısı boş şeylərdi.

- Azərbaycan futbolunun bugünkü durumuna əsasən, sabahı necə görünür?
- Gələcəkdə nəsə olacaqmı, bunu dəqiq deyə bilmərəm. Amma yaxın gələcəkdə yaxşı nəsə görünmür. çünki aşağıdan gələn futbolçularımız yoxdu. Aşağı yaş qruplarından yetişən ideal oyunçular görmürəm. Bəlkə 19-21 yaşlılar arasında perspektivliləri var. Ancaq nəticələrə baxanda elə bir irəliləyiş hiss eləmirəm. Sabah Azərbaycan çempionatında parlaq çıxış edəcək, milli komandamızı gücləndirəcək perspektivli uşaqlar görünmür. İndiyə qədər yadımdadı, o vaxt Belçika ilə Bakıda 1:1 hesablı heç-heçə etmişdik. Həmin Belçikanın heyəti tamamilə gənclərdən qurulmuşdu, bir neçə ili qurban verdilər. Ondan sonra nə qədər ulduz futbolçu üzə çıxardılar, onlar da Avropanın böyük klublarında oynadılar. Biz dərhal nəyəsə nail olmaq istəyirik. Klub yeni yaranan kimi, deyirlər ki, çempion olaq və ya avrokuboka düşək. çünki ora gedəndə kluba pul gəlir. Məqsəd futbolçunu yetişdirmək olsa, başqa cür alınar. Mən "Keşlə"yə rəhbərlik edəndə, komandanın 4 oyunçusu əsas, 2 üzvü isə U-21 millisinə çağırılırdı. Demirəm ki, klub uğursuz nəticə göstərsə də olar. Amma milliyə oyunçu vermək də vacibdi. Mən "Keşlə"ni tərk edəndə 3-cü pillədəki komandadan 6 xal geridə idik. Avrokuboka çıxıb pul qazanaq düşüncəsi ilə peşəkar iş görə bilməzsən. Ancaq ilk mərhələdəcə uduzacaqsansa, getməsən ondan yaxşıdı.

- Hazırda milli üzvlərindən yalnız Mahir Emreli legioner həyatı yaşayır ki, o da Zaqreb "Dinamo"sunda ehtiyatda qalıb. Legionerimizin az olmasının səbəbi nədi?
- Bizim vaxtımızda istənilən ölkənin ən yaxşı klublarında oynamaq gücünə malik futbolçularımız var idi. İnanın ki, şişirmirəm. Sadəcə, o vaxt gediş-gəliş çətin idi. Halbuki, hər birinə təkliflər olurdu. Yaxın illərdə bir ara azərbaycanlı futbolçulara təkliflər çox gəldi, amma getmədilər. İndi bircə Mahir Emrelimiz var, o da Xorvatiyada ehtiyatdadı. Hamımız milli komandanın yaxşı çıxışı üçün çalışırıq. Ancaq bunun üçün oyunçularımız da legioner həyatı yaşamalıdılar. Azərbaycan çempionatında "Qarabağ" – "Sabah" oyunu əla alındı. Amma mövsüm ərzində cəmi 5-6 belə matçımız olur. Qalan matçlarda belə gərginlik olmur. Mübarizə olmayanda da futbolçularda inkişaf getmir. Düşünə bilərlər ki, Yunis müəllim danışır də, xaricdə oynamağa futbolçumuz var? Onunla da razıyam. Barmaqla sayılacaq qədər az oyunçumuz var ki, Türkiyə, Rusiya kimi ölkələrin çempionatlarında orta səviyyəli klublarda çıxış edə bilər. Belə futbolçu sayı çox olmalıdı.

- Dediniz ki, sizin vaxtınızda yaxşı futbolçular çox idi. İndi niyə belələri yetişmir, əvəzində ildən-ilə daha zəiflər üzə çıxır?
- Deyə bilmərəm ki, niyə yetişmir. Futbolu sevmək lazımdı. Bəlkə də, Azərbaycanda yaxşı pul verildiyi üçün burada qalmaqla kifayətlənirlər. Əli pula dəyəndən sonra yaxşı futbolçu da "şişir", oynamamağa başlayır. Ancaq qarşılarına məqsəd qoysalar ki, filan yerə gedəcəyəm, istəklərinə nail ola bilərlər. İndi klublarımız normal maaş verir. Futbolçular da həmin pulla kifayətlənirlər, inkişaf olmur. Yaxşı oynayan da burada qaldıqca geriləyir. O vaxt hara baxırdın yaxşı futbolçu görürdün. İndi isə getdikcə geriləmə gedir. Futbolu qəlbdən sevmək, bununla yaşamaq lazımdı. Yunis Hüseynov kimi. 57 yaşım var, iki ay əvvəl ürəyimə stend qoyanda həkimə ilk sualım bu oldu ki, futbol oynaya biləcəyəm? Stend qoymağa icazə vermirdim. Həkim axırda dedi ki, ürəyinə stend qoymalıyam ki, futbol oynaya biləsən. Ondan sonra razılıq verdim. Yəni mən indi də futbolla yaşayıram, oynamasam ürəyim partlayar. ölüm ayağında da futbol oynamağı düşünən adamam. Futbola bu qədər bağlıyam. Ona görə deyirəm ki, futbolu sevməlisən. İl yarımdı niyə işsizəm? Futbolu sevən biri bu sahədən anlayışı olmayanlarla işləyəndə uğur qazana bilməz. Həmin rəhbər sonra səni uzaqlaşdırır, qalırsan işsiz.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest