Premyer Liqanın XVII turunun "Keşlə" - "Sumqayıt" oyunundan sonra baş verənlər meydandakı mənasız mübarizədən maraqlı oldu. Hakimin final fitindən dərhal sonra qonaqların baş məşqçisi Ayxan Abbasov konfrans zalına elə girdi ki, çırtma vursan, qan çıxardı.

Abbasov qapıları təpikləyə-təpikləyə, qışqır-bağır salaraq birbaşa mətbuat konfransı üçün nəzərdə tutulan otağa gəldi. Halbuki, bəzi jurnalistlər hələ özlərini ora çatdırmamışdılar. Onun ardından isə "Sumqayıt"da rəhbərlikdən tutmuş, inzibati heyətə qədər, hamı otağa doluşdu. Səbəb isə sadədi: baş məşqçini fikrindən daşındırmaq. çünki Abbasov nə qədər dilə tutulsa da, tez-tez "mümkün deyil" deyərək, istefa verməyə tələsirdi.

çalışdırıcı əsəbindən gözünün önünü görmürdü. Nə ayağına qədər qaçan prezident Riad Rəfiyev, nə də klubun digər rəsmiləri onu sakitləşdirə bilirdi. Artıq hamı Abbasovun istefasını gözləyirdi. Ancaq bir qurtum su ona yaxşı gəldi, sanki tələsdiyini xatırlatdı. Axı bu boyda həngamənin ardından istefanın dönüşü olmayacaqdı.

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da digər jurnalistləri gözləmək və operatorun tam hazır olması üçün mətbuat konfransını bir qədər yubatdı. Bu 3-5 dəqiqəlik gözləmə isə baş məşqçini tamam sakitləşdirdi. Ancaq Ayxan bəy komandada vəziyyətin dəyişməyəcəyi təqdirdə, ayrılacağını da bildirdi.

Əslində, "belə olmaz, futbola tüpürüb gedəcəm" deyən Ayxan Abbasovun əsəbiləşməyə haqqı da var idi. Matça əlavə olunmuş dəqiqələrdə qapılarına penalti qərarı verildi və bu, uduzmalarına yol açdı. Onun narazılığı həm də tapşırıqlarını meydanda icra edə bilməyən səriştəsiz futbolçularına idi.

Əslində, hər şey baş hakim Rauf Cabbarovun zədələndiyi üçün ikinci hissədə meydana çıxmaması ilə başladı. Fasilədən sonra onu əvəz edən adaşı Allahverdiyev Premyer Liqa oyununu idarə edəcək səviyyədə olmadığını 45 dəqiqə ərzində göstərdi. Onun aramsız xırda səhvləri futbolçularda gərginliyi artırdı. Xüsusən də, başda Slavik Alxasov olmaqla, "Keşlə" oyunçularının təzyiqi, narazılıqları, onsuz da, həyəcandan əsən Rauf Allahverdiyevin özünü itirməsinə səbəb oldu.


Fikrimcə, bu basqı əlavə edilmiş dəqiqələrdə "Sumqayıt"ın qapısına heç nədən penalti təyin olunmasına yol açdı. çünki Amil Yunanov həmin epizodda özünü yerə atmışdı. Elvin Məmmədovun ona xırda toxunuşu adi oyun epizodu idi və yıxılmaq üçün yetərli deyildi. Hər halda, son saniyələrdə belə epizoda görə penalti nöqtəsini göstərmək çox ağır qərar idi. Penaltini yerinə yetirən Nikola Mitroviç isə topa toxunan anda "Keşlə"nin iki oyunçusu artıq onun yanına çatırdı. Yəni səhv qərarla "ağ nöqtə"ni göstərən referi zərbəni təkrarlatmamaqla ikinci səhvini etdi.

Futbolda baş hakimin görüşün gedişində zədələnməsi nadir hallarda baş verən hadisədi. Ancaq görünür, Hakimlər Komitəsi bu ehtimalı hələ nəzərə almır, oyunlara kimi gəldi ehtiyat hakim kimi göndərir. Gənclərin təcrübə toplaması yaxşı haldı. Ancaq bunu kiminsə taleyi ilə oynamaqla etmək heç kimə başucalığı gətirməz.

Rauf Allahverdiyev, bəlkə də, gələcək vəd edən hakimlərdəndi. Amma indidən onu oda atıb, özünə inamsızlıq yaratmaq və psixoloji təsir karyerasını başlamadan bitirməsinə səbəb ola bilər. Allahverdiyev, bəlkə də, bundan sonra özünü toparlaya bilməyəcək. Bu üzdən baş verənləri tribunadan izləyən Frits Stuxlik təyinatları müəyyənləşdirərkən futbolda baş verə biləcək bütün ehtimalları göz önünə gətirməlidi. Əks təqdirdə, hələ çox hakim "yanacaq", çox baş məşqçi əsəbindən istefa verəcək.

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest