FİFA “Qarabağ”ın Avropa Konfrans Liqasında rəqibi olan Marsel “Olimpik”inə (Fransa) transfer qadağası qoyub. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə bildirlir ki, sözügedən klub qarşıdakı iki transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək. Ali futbol qurumu Pape Quye transferindəki qayda pozuntusuna görə Liqa 1 təmsilçisini cəzalandırıb.
 
FİFA Pape Quyenin özünü də cəzalandırıb. Seneqal yığmasının üzvü olan futbolçunun rəsmi oyunlarda iştirakına qadağa qoyulub. O, hətta millinin düşərgəsinə dəvət almasına baxmayaraq, hazırda davam edən Afrika Millətlər Kubokunda da iştirak edə bilmir. Yığmanın baş məşqçisi Aliu Sisse bunun FİFA-nın qadağası ilə bağlı olduğunu bildirib.
 
Xatırladaq ki, Marsel “Olimpik”i Quyeni 2020-ci ilin yayında transfer edib. Həmin vaxt yetirməsi olduğu Fransa “Havr”ından ayrılmış futbolçu əvvəlcə İngiltərənin “Uotford” klubu ilə ilkin anlaşma imzalamışdı. Lakin 22 yaşlı futbolçu bu anlaşmaya məhəl qoymayaraq “Olimpik”lə rəsmi müqavilə bağlamışdı. Bu üzdən də İngiltərə təmsilçisi həm futbolçudan, həm də Liqa 1 klubundan FİFA-ya şikayət etmişdi.
 
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab oyununu isə fevralın 24-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest