"Murov" voleybol klubunun Biləcəridə yerləşən idman zalında təşkil edilən tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov çıxış edib.

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2021/22 mövsümünün açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, "Murov" voleybol klubunun Biləcəridə yerləşən idman zalında təşkil edilən tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov çıxış edib. 
 
Cavid Qurbanov iştirakçıları salamlayıb və yarışa qatılacaq komandalara uğurlar arzulayıb:
 
"Bu gün uzun fasilədən sonra Azərbaycan çempionatına start verdik. Bildiyiniz kimi, komanda idman növlərində çıxış etmək, komanda yaratmaq fərdi idman növlərindən daha çətindir. ölkəmizdə fərdi idman növlərində daha çox inkişaf və qələbələr var. Amma onu qeyd etməliyəm ki, komanda idman növləri arasında voleybol bir növ bayraqdar olub. Klublarımız Avropa kuboklarını qazanıb, klublar arasında dünya çempionu olublar. Milli komandamız Avropa çempionatında 4-cü yeri tutub, 4 dəfə dünya çempionatda iştirak edib. Komanda idman növlərində komandanın oyununda bir nəfər səhv edirsə, bu, bütün kollektivin çıxışına təsir edir. Arzu edirəm ki, bizim komandalarımız hər zaman əsl komanda oyunu nümayiş etdirsinlər.
 
Bu gün ölkəmizin inkişafı çox güclüdür. Düzdür, pandemiya bəzi çətinliklər yaratdı və hələ də tam olaraq pandemiya bitməyib. Bütün bunlara baxmayaraq, biz bir olaraq 44 günlük Vətən müharibəsində zəfər qazandıq. Bilidiyiniz kimi, quruculuq işləri artıq başlayıb və sürətlə yenidən qurma işlərin aparılır. 
 
Məni yenidən prezident postuna layiq gördükləri üçün voleybol aləminə də təşəkkür edirəm. Əlimdən gələni etməyə çalışacağam ki, voleybolumuzun inkişafı dayanmasın, ən önəmlisi öz əvvəlki nifuzunu qazansın.
 
çalışmalıyıq ki, çempionatımızda çıxış edən komandaların sayını artıraq. Amma komanda sayının artırılması sahibkarların, univeristetlərin, məktəblərin əlindədir. Dünyanın istənilən ölkəsində əsas komandaları universitet komandaları təşkil edir. Federasiya komanda saxlamalı deyil. Biz yeni yaranmış klublara hər zaman dəstək verməyə hazırıq. Amma bunun üçün ilk növbədə federasiyaya müraciətlər olunmalıdır. Təəssüflər olsun ki, bizdə bu məsələlər fərqli formada qəbul olunur. Hamı deyir ki, komandanı federasiya saxlamalıdır. Ancaq bu belə deyil. Bizim işimiz klublara  köməklik göstərməkdən, icazələr almaqdan, dünyada qəbul olunmuş standartları onlara çatdırmaqdan ibarətdir. Hesab edirəm ki, qanunvericiliyə bu istiqamətdə lazımı qərarlar qəbul ediləcək. Klubları saxlayan sahibkarlara, universitet komandalarına müəyyən güzəştlər tətbiq ediləcək. ölkə başçımız cənab İlham Əliyev hər zaman idmana və idmançılara diqqət və qayğı göstərib. İnanıram ki, bu istiqamətdə uğurlu işlər aparılacaq. Cənab Prezidentimiz axırıncı dəfə "Qarabağ" futbol klubunu qəbul edərkən də hiss etdik ki, bu məsələlərə yenidən baxılacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest