"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Hesaba baxmayaraq, çox çətin oyun oldu. 90 dəqiqə ərzində yaxşı iş gördüyümüz, yaxşı təşkil olunmuş hücumlardan sonra qollar vurduğumuz üçün məmnunam. Müdafiədə güvənli oynamağa köklənmişdik. Bu gün qələbə qazanıb fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq vacib idi".
 
Musayev daha əvvəl rəhbərliyi altında oynamış hər hansı futbolçunu Bakıya gətirməyin çox çətin olduğunu bildirib: "Qış fasiləsində heyətlə bağlı müəyyən dəyişikliklər gözlənilir. Ola bilər ki, bir-iki oyunçunu icarəyə verək. Əvəzində komandaya bir-iki futbolçu cəlb etmək istəyirik. Hazırda daha çox əvvəl birlikdə işləmədiyim oyunçulara baxırıq. Transfer xatirinə oyunçu gətirmək istəmirik. Gələn oyunçular komandanı daha da güclü etməlidir. Seleksiya ilə bağlı suala cavab verməyəcəyəm. Transferləri elan edəndə bunu hamımız görəcəyik".
 
Baş məşqçi hazırda Türkiyənin "Girəsunspor" klubunda çıxış edən keçmiş futbolçusu Məhəmməd-Şapi Süleymanovun transfer siyahısında olmadığını vurğulayıb: "Bu barədə artıq açıqlama vermişəm. Dünən özü ilə danışdım. Türkiyədə olmaqdan xoşbəxtdir. Hələlik qol hesabını açmasa da, yaxşı oyun göstərir".
 
Musayev serbiyalı qapıçı Saşa Stamenkoviçin komandadan ayrılmasına da münasibət bildirib: "Stamenkoviç dürüst insan və peşəkar oyunçudur. Ailəsində bəzi məsələlər var ki, futbola diqqət ayırmasına mane olur. Xahiş etdi ki, ailəsinə vaxt ayıra bilməsi üçün ona güzəştə gedək. Saşaya çox hörmət edir, onu sevirik. Ailə çox önəmlidir. Ona görə bu gün bizdən ayrılmalı oldu".
 
Mütəxəssis 70-ci dəqiqədə baş hakim Elçin Məsiyevin qərarına sərt reaksiya verməsinin səbəbini də açıqlayıb: "Top meydanın sol tərəfində idi. Rəqib oyunçu meydana icazəsiz girdiyi üçün futbolçumuza mane oldu. Qaydaları bildiyim qədərilə, top bəzi bölgələrdə olarkən meydana oyunçunu buraxmaq olmaz. Bütövlükdə, hakimlik yaxşı idi. Matçdan sonra emosional hərəkətimə görə hakimlərdən üzr istədim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest