"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, səfərdə 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çempionata uğursuz başladıq. İlk turda evdə məğlub olmuşduq və səfərdə "Qəbələ"yə qalib gəlmək istəyirdik. Birinci hissədə istədiyimiz futbolu oynaya bilmədik. İkinci yarıda isə rəqib üzərində təzyiq yaratdıq. İstənilən halda məğlub olmuşuq və çempionatın startı ürəkaçan deyil. Qarşımızda uzun fasilə var. Komandanı toparlamağa çalışacağıq. Premyer Liqa matçlarına hazırlaşmaq üçün vaxtımız olacaq. çox danışılası nəsə yoxdur.
 
Şəhriyar Əliyevin oyunun sonlarında qırmızı vərəqə almasına gəlincə, rəqib əvvəlki epizodda oyunçumuzu arxadan itələdi. Hakim isə cərimə zərbəsi təyin etmədi. Futbolçu bundan sonra aqressivləşdi. Nəticədə qırmızı vərəqə aldı. Əliyev orada qeyri-etik ifadə işlətməyib. Sadəcə, aqressiv idi. Referidən niyə əvvəl cərimə zərbəsi vermədiyini soruşdu. Hakimlik haqqında da çox danışmaq istəmirəm. Epizoda yenidən baxmaq lazımdır. Mənə elə gəldi ki, rəqib Şəhriyar Əliyevi itələdi. Biz cərimə gözləyirdik. Amma qapımızda əks-hücum gördük.
 
Məğlub olanda psixoloji faktorlar önə çıxır. Bir az tələskənlik olur və daha tez qol vurmaq istəyirsən. Belə halları yaşayırıq. çalışacağıq ki, bunu ortadan qaldıraq. "Sumqayıt"a 0:2 hesabı ilə uduzduğumuz ilk matçda da qol imkanlarımız daha çox oldu, amma yararlana bilmədik. Hazırlıqla bağlı problemimiz olmayıb. çempionata tam hazır olmasaq da, komanda 60-70 faiz hazırdır. Amma uğursuzluq var və futbolda belə hallar yaşanır. Hər məğlubiyyətdən sonra psixoloji faktor önə çıxır. Bu gərginliyi aradan qaldırmağa çalışırıq. Komandada maaş problemi yoxdur. Futbolçular məvaciblərini alıblar. İnanmıram ki, bu, oyunumuza təsir etsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest