Premyer Liqada XVII turun ilk oyunu Qəbələdə keçirildi. Matc.az xəbər verir ki, heç bir iddiası qalmayan "Qəbələ" ilə "Sabah" formal xarakterli oyunda üz-üzə gəldi.
 
"Qəbələ" meydana 9 oyunluq qələbə həsrətinə son qoymaq üçün çıxmışdısa, "Sabah" ötən turda "Qarabağ"a böyükhesablı məğlubiyyətin təsadüf olduğunu sübut etmək niyyətində idi.
 
Premyer Liqa
XXVII tur

"Qəbələ" – "Sabah" – 2:2
Qollar: Nikolas Raysel, 63 (pen.); Stefan Vukçeviç, 65 - Xulio Sezar Rodriges, 29; Slavik Alxasov, 59

"Qəbələ": 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi (70. ülvi İsgəndərov, 64), 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq (7. Roman Hüseynov, 74), 10. Rövlan Muradov (77. Merab Qiqauri, 64), 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
"Sabah": 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov (7. Coşqun Diniyev, 61), 10. Aleksey İsayev, 30. Mario Marina (6. Şakir Seyidov, 75), 9. Xulio Sezar Rodriges, 3. Zurab Oçiqava, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev (33. Camal Cəfərov, 84)
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 31. Rustam Samigullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 72. Kamran Quliyev, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev
Baş məşqçi: Ramin Quliyev
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
14 may. Qəbələ şəhər stadionu, tamaşaçısız
 
Hər iki komandanın baş məşqçisi futbolçularına hücum fəlsəfəsi aşıladığından, maraqlı mübarizə gözlənilirdi. üstəlik, tərəflərin iddiası qalmadığı üçün meydana rahat çıxmışdılar və oyunçular gələn mövsümün heyətində özlərinə yer etməkdən ötrü məşqçilər korpusunun gözünə girməyə çalışırlar.
 
Prinsipcə, komandaların meydandakı düzülüşü bənzər görünsə də, əslində funksiyalar fərqli idi. Məsələn, "Qəbələ"nin 3-lü hücum "trio"su və onların arxasındakı Nikolas Raysel əsasən irəlidə qalır, daim qol axtarışında olurdu. Qonaqların ön xətt oyunçularına nəzər yetirdikdə həm cinahlardakı Ramil Şeydayevlə Təmkin Xəlilzadənin, həm də pleymeyker Veysəl Rzayevin tez-tez geri çəkilərək müdafiəyə kömək etdiyi görünürdü. Bu mənada Təmkinin üzərinə daha çox yük düşürdü. çünki Xəlilzadə topa sahib olduqları zaman sağ cinahdan vinger, rəqib hücuma keçəndə isə cinah müdafiəçisi işini icra edirdi. Bu, Amin Seydiyevin nisbətən mərkəzə meyillənməsinə və 5-li müdafiənin formalaşmasına gətirib çıxarırdı.
 
Mövsümün sonu olduğundan, futbolçuların tətil ab-havasında olduğunu sezmək çətin deyildi. Sürətli və kombinasiyalı hücumlar etməyə çalışan hər iki komanda meydanda yeniliklər axtarışında idi. Ancaq ikili mübarizələrdə ehtiyatı əldən vermirdilər. Həm mümkün qədər zədədən qaçmağa çalışırdılar, həm də rəqibi zədələməkdən çəkinirdilər. Elə bu səbəbdəndi ki, ilk dəqiqələrdəki yüksək temp getdikcə aşağı düşməyə başladı.
 
Birinci 10 dəqiqədə meydanda diktə edən tərəf "Sabah" oldu. Xüsusən də, Şeydayevlə Xəlilzadənin cinah keçidləri ev sahiblərinin müdafiə xəttinə çətin anlar yaşatdı. Təmkin sağ cinahdan irəliləyərək cərimə meydanına təhlükəli asmalar edirdisə, Ramil soldan topu qəbul edərək, mərkəzə doğru meyillənir, daha çox özünü zərbə mövqeyinə çıxarmağı düşünürdü. ümumiyyətlə, Şeydayevin son vaxtlar xeyli artırdığını görməmək mümkün deyil. Ramin Quliyevin baş məşqçi postuna təyinatı millimizin forvardına özünəinam gətirib. Artıq topla nə etdiyini bilən, onunla səliqəli driblinqlər edən, liderlik keyfiyyətləri sərgiləyən Şeydayev izləyirik. "Sabah"ın 29-cu dəqiqədə hesabı açması məhz onun bu keyfiyyətlərini ortaya qoyması sayəsində reallaşdı. Ramilin zərbəsini qapıçı qaytarsa da, dönən topu Xulio Sezar Rodriges boş qapıdan keçirməkdə çətinlik çəkmədi.
 
Bu qolu əslində gözlənilməz də adlandırmaq olar. çünki həmin dəqiqələrdə "Qəbələ" oyunu bərabərləşdirmiş, meydanda əsasən top uğrunda mübarizə gedirdi. Birinci hissədə "Qəbələ"nin heyətində Rafael Utriq özünə bənzəmirdisə, "Sabah"da gənc Veysəl Rzayev meydanda yer tapa bilmirdi. ümumilikdə ilk yarıda ev sahiblərinin ön xətti "dişsiz" görünürdü. Ceyms Adeniyinin təkbaşına fəallığı da bir işə yaramırdı. Həmçinin qonaqlar da hesabı açdıqdan sonra hücum etməyi unutdu.
 
İkinci hissə fərqli ssenaridə başladı. Bu dəfə üstün olan tərəf "Qəbələ" idi. Maraqlıdı ki, ilk yarıda rəqib hücumçularına göz açmaq imkanı verməyən bakılılar bu dəfə onların həmlələri qarşısında aciz qalırdılar. Sadəcə, "qırmızı-qaralar" ələ düşən fürsətləri dəyərləndirə bilmirdi. Əvəzində ikinci top da qonaqlardan gəldi. Slavik Alxasovun vurduğu gözəl qoldan dərhal sonra əvəzlənməsi meydandakı yerdəyişmələrə də səbəb oldu. Müdafiənin soluna keçən Təmkin top uğrunda ilk mübarizədəcə rəqibə qarşı cərimə meydanında kobud oynadı. Görüşün axarı, onsuz da, "Qəbələ"nin tezliklə fərqlənəcəyindən xəbər verirdi. Ancaq bölgə təmsilçisinin 3 dəqiqə ərzində iki top vuraraq hesabı bərabərləşdirəcəyini və bununla xilas olacağını heç kim proqnozlaşdırmazdı.
 
Elmar Baxşıyevin əvəzləmələri "qırmızı-qaralar"ın meydanın mərkəzində nəzarəti ələ keçirməsinə və irəlidə hərəkətliliyi artırmasına yol açdı. Hesabın da gətirdiyi ruh düşkünlüyü "Sabah" futbolçularının toparlanmasına imkan vermirdi. Ramin Quliyev orta sahədəki dinamikliyi artırmaq üçün nisbətən ağır Mario Marinanın əvəzinə daha çevik Şakir Seyidovu mübarizəyə qoşdu.
 
Son 15 dəqiqədə hər iki komanda pərakəndə oyun göstərdi. Top itkilərinin bir-birini əvəzləməsi keyfiyyətin də xeyli düşməsinə səbəb oldu. Meydanda sanki təslim olmayan bir futbolçu var idi – Ramil Şeydayev. Dayanmadan qaçan, hər epizodda ön planda olan forvard qələbə topu üçün əlindən gələni etdi. Ancaq bir epizodda komanda yoldaşı onun əziyyətini hədər etdi. Son saniyələrdə isə əvvəlcə qapı dirəyi, hücumun davamında da Tərlan Əhmədli "Qəbələ"ni məğlubiyyətdən xilas etdi.
 
Beləliklə, iki fərqli hissənin keçdiyi görüşdə "Sabah"ın bir neçə dəqiqəlik konsentrasiyanı itirməsi komandanın qələbəsini əlindən aldı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest