"İki gündür komandanı götürmüşəm. Kimə qarşı oynadığımızı yaxşı bilirdik. Bu gün çoxdandır görmədiyimiz komanda ruhunu gördük. İki gündə komanda belə dəyişirsə, mənə lazım olan istəyi, inamı görürəmsə, bu, çox sevindiricidir"

"Sabah"ın baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- İki gündür komandanı götürmüşəm. Kimə qarşı oynadığımızı yaxşı bilirdik. Bu gün çoxdandır görmədiyimiz komanda ruhunu gördük. İki gündə komanda belə dəyişirsə, mənə lazım olan istəyi, inamı görürəmsə, bu, çox sevindiricidir.
 
- Oyuna iki gün qalmış nə baş verdi ki?
- Bu, rəhbərliyin bildiyi işdir. Klub daxili məsələdir və hiss olundu ki, Qomes getməlidir, bu qərar verilməlidir. Bunu tam açıqlaya bilmərəm.
 
- İlk olaraq komandanı dəyişmək üçün nədən başladız?
- Cəmi bir məşqimiz oldu. çalışdıq ki, komandanı özünə inandıraq. Bu iki gündə heç yatmamışam. Bizim üçün vacib olan hər bir futbolçuda özünəinam yaratmaq idi. Bizim komanda hər şeyi bacarar.
 
- Tiemoko Fofana nə üçün ehtiyatda qaldı?
- Son 5-6 oyunda oynayırdı. Bu gün bizə lazım olan topu saxlamaq idi. Bu səbəbdən Xulio Sezar Rodriqesi oynatdıq.
 
- Ramil Şeydayevi özünə qaytarmaq mümkün olacaq?
- Onunla 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü var. Ona o şəraiti yaradacam ki, özünü sübut etsin. ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz.
 
- Yeni baş məşqçi gələndə sizin işiniz necə olacaq?
- Mən müvəqqəti gəlmişəm. Yeni baş məşqçi gələndən sonra hər şeyə aydınlıq gələcək.
 
- Mövsümün sonuna qədər postunuzda qalmağınız mümkündür?
- Mənim üçün əsas olan klubun mənə olan dəstəyidir. Mən hazırda müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, bu, kluba da, mənə də xeyirdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest