Azərbaycan çempionu “Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.
 
Matc.az xəbər verir ki, “Sileks" ölkəsinin vitse-çempionudu. Çempion "Vardar" lisenziya probleminə görə UEFA yarışlarına buraxılmadığından, "Sileks" Şimali Makedoniyanı təmsil etmək hüququ qazanıb.
 
Maraqlıdı ki, Azərbaycanda olduğu kimi, Şimali Makedoniyada da milli çempionatın 2019/20 mövsümü koronavirus pandemiyasına görə başa çatdırılmayıb. 23-cü turdan sonra dayandırılan çempionatda 36 xal toplamış “Sileks” ikinci yeri tutub. Bu komandanı 10 xal qabaqlayan lider “Vardar” isə məhz lisenziya səbəbindən avrokuboklardan kənarda qalıb.
 
55 yaşlı klub indiyə qədər 3 dəfə (1995/96, 1996/97, 1997/98) ölkəsində çempion adını qazanıb. 1993/94 və 1996/97 mövsümlərində isə bu komanda ölkə kubokunun qalibi olub.
 
Ev oyunlarını 1 800 azarkeş tutumuna malik “Qradski” stadionunda keçirən “Sileks”in baş məşqçisi 45 yaşlı Qoran Simovdur. Komandanın heyətində cəmi 5 serb legioner çıxış edirsə, qalan futbolçuların hamısı yerlilərdi. 
 
“Transfermarkt”a görə “Sileks”in ümumi dəyəri 2,98 milyon avrodu. “Qarabağ”da bu rəqəm 11,78 milyon avrodu.
 
“Sileks”in Avropada çıxışı bir o qədər də uğurlu alınmayıb. İndiyə qədər qitəmiqyaslı yarışlarda 18 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 11 matçda isə məğlub olub. 18 top vuran Kratovo təmsilçisi 32 qola üzülüb.
 
“Sileks” ilk dəfə Azərbaycan klubları ilə üz-üzə gələcək. Amma Şimali Makedoniyanın digər klubları təmsilçilərimizlə 5 dəfə rəqib olub. Bu duellərdən üçündə Azərbaycan, ikisində balkanlılar mərhələ keçib. 5 duel çərçivəsində 10 görüş oynanılıb. 4 qələbə qazanan komandalarımız 4 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi də Azərbaycan təmsilçilərinin xeyrinədir – 10:6.
 
Makedoniyalıların əsas qənimi də məhz “Qarabağ”dır. Ağdamlılar iki dəfə “Metallurq”u yolundan kənarlaşdırıb. Hesabında biri böyükhesablı olmaqla üç qələbəsi olan Qurban Qurbanovun yetirmələri 4 qarşılaşmanın heç birini qolsuz tərk etməyib.
 
Şimali Makedoniya çempionatında 2020/21 mövsümünə artıq start verilib. “Sileks” də bu gün yeni mövsümdə ilk matçına çıxacaq. “Qarabağ”ın rəqibi səfərdə “Belasiça” ilə qarşılaşacaq.
 
Qeyd edək ki, “Qarabağ”la “Sileks” arasındakı oyun avqustun 18/19-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
2010/11 mövsümü
Avropa Liqası
1-ci təsnifat mərhələsi
 
1 iyul. “Qarabağ” – “Metallurq” (Şimali Makedoniya) - 4:1
Qol: Rəşad Sadıqov, Əfran İsmayılov, Emin İmaməliyev, Georgi Adamiya.
 
8 iyul. “Metallurq” (Şimali Makedoniya) - “Qarabağ” - 1:1
Qol: Emin İmaməliyev.
 
2013/14 mövsümü
Avropa Liqası
1-ci təsnifat mərhələsi
 
2 iyul. “Metallurq” (Şimali Makedoniya) – “Qarabağ” - 0:1
Qol: Reynaldo Silva
 
11 iyul. “Qarabağ” – “Metallurq” (Skopye, Şimali Makedoniya) - 1:0
Qol: Corc Leroy

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest